23:42 Eziz Nesin Bakudan Türkiýä gaýdanda nämüçin tussag edildi? | |
BAKININ MƏŞHUR QONAQLARI:
Edebi makalalar
ƏZIZ NESIN BAKIDAN TÜRKIYƏYƏ QAYIDANDA NIYƏ HƏBS EDILDI... Azərbaycan özünün qonaqpərvərliyi ilə məşhurdur. Ölkəmizə gələn əcnəbilər xalqımızın qonaqpərvərliyindən ürəkdolusu danışır, süfrəmizin zənginliyindən söz açır, Azərbaycan təbiətinin gəzməli-görməli yerlərinə valeh olduqlarını gizlətmirlər. Məhz bu səbəblərdən bu gün Azərbaycan xalqı qonaqpərvərliyi ilə dünyaya səs salmış millət kimi tanınır. Ötən illər ərzində çox məşhurlar Bakıda qonaq olublar. Həmin məşhurların belə qısa və ya uzunmüddətlik səfərləri Bakının və insanlarımızın keçmişində silinməz izlər qoyub. “Bakının məşhur qonaqları” layihəsində müxtəlif illərdə paytaxtımızda olmuş dünya şöhrətli simaların səfərindən, onların təəssüratlarından söz açılır, o səfərlərin şahidilərinin xatirələrini təqdim edilir. Bakıya kimlər gəlməyib?.. Layihənin bu dəfəki qonağı məşhur türk yazıçısı Əziz Nesindir. DOSYE - Əziz Nesin 1915-ci ildə doğulub. “Darüşşəfəq” məktəbində təhsil aldığı illərdə Quranı əzbərdən öyrənərək hafiz olur. Qadiriyyə təriqətindən olan atası oğlunu da imanlı müsəlman kimi görmək istəyirdi. Əziz Nesin 1935-ci ildə İstanbuldakı Qülləli Əsgər Liseyinə daxil olub. 1937-ci ildə isə Ankara Hərb məktəbini bitirib. Eyni zamanda İncəsənət Məktəbini də başa vurub. 1941-ci ildə zabit kimi İİ Dünya Müharibəsində iştirak etmək üçün orduya çağırılıb. Burada tank kurslarını da bitirib. Və 1944-cü ildə ordudan “vəzifəsini və rütbəsini pis yerinə yetirməsi” maddəsi ilə qovulub. • Səbahəddin Əliylə tanışlıq və ilk yazı uğurları… Əziz Nesin ordudan qovulduqdan sonra bir müddət baqqal, mühasib kimi peşələrdə çalışıb. Ardınca sol təmayüllü “Tan” qəzetində işə girib. Köşə yazıları, teatrlar üçün xırda pyeslər yazmağa başlayıb. İlk kitabı “Partiya qurmaq, partiya vurmaq” 1946-cı ildə dərc edilib və ona böyük şöhrət qazandırıb. Səbahəddin Əli ilə tanışlıq onda solçuluq ideyalarına marağı daha da artırıb və onlar birgə “Marko Paşa” adlı mizah (satirik) qəzetini nəşr etməyə qərar verib. Qəzet qısa müddətdə bütün Türkiyəyə səs salır. “Marko Paşa”nın səhifələrində yüksək çinli dövlət məmurları, nazirlər tənqid olunurdu. Sonralar da dəfələrlə həbslərə və təqiblərə məruz qalmasına baxmayaraq, Əziz Nesin köşə yazarlığını və ədəbi fəaliyyətini həvəslə davam etdirib. Xeyli sayda satirik hekayə kitabları, dram əsələri, publisistik məqalələr və uşaq nağıllarının müəllifidir. Kitablarının sayəsində əldə etdiyi gəlirlə xeyli uşağı oxutdurub. Əziz Nesinin adını daşıyan xeyriyyə fondu həm də uşaq bağçasıdır. Əziz Nesin elə oradaca dəfn edilib. Vəsiyyətinə əsasən, qəbir yeri bilinmir. “Uşaqları qəbrimin üstündə oynasın” deyən Nesin bu gün də dünyada kitabları ən çox satılan türk müəlliflərindəndir. Onun barəsində Modern.az saytına professor, AzTV-nin sabiq sədr müavini, dramaturq Aqşin Babayev danışıb. Professorun Əziz Nesinli xatirələrini təqdim edirik: Əziz Nesin, Cəlil və Lenin “Nazim Hikmət kommunist düşüncəli insan olduğu üçün sağlığında təqib edilirdi, əsərlərinə də qadağa qoyulmuşdu. Ancaq öləndən sonra əsərləri, kitabları Türkiyədə çox yayıldı ki, burada Əziz Nesinin xidmətləri böyük olub. Nazim Hikmətin bir sözü var: “mən öləndən sonra məni oxuyacaqlar, odur ki, ölmək zorundayam”. Belə də oldu; Nazim 1963-cü ildə vəfat etdikdən sonra daha çox oxundu. Mən Əziz Nesinlə Bakıda bir neçə dəfə görüşmüşəm. Görüşlərimizin bir səbəbi də elə Nazim Hikmət olub. Xeyli söhbətləşdik, kitab mübadiləsi apardıq. Ona xeyli kitablar, yazıçılarımızın əsərlərini verdim. Amma Bakıdan gedəndən sonra məndən Cəlil Məmmədquluzadənin hekayələr kitabını əski əlifbada istədi. Təbii ki, əski əlifbada olan həmin kitabı tapıb Türkiyəyə yolladım. Üstündən bir ay keçmişdi ki, kitab yenidən üstümə qayıtdı. Üzərində də “qəbul edilmədi” yazılmışdı. Təəccüb etdim, Əziz Nesin yenidən Bakıya gələndə sual verdim ki, ay ustad, siz özünüz məndən Cəlil Məmmədquluzadənin əski əlifba ilə olan hekayələrini istədiniz. Mən də yolladım, amma geri qayıtdı. Gülümsəyərək dedi ki, bundan xəbərim var. Sən demə, əski əlifba ilə yazılan kitabda şəkli olan Cəlil Məmmədquluzadəni Leninə oxşadıblar. Hər ikisi keçəl, guya bunlar bir-birinə vizual olaraq bənzəyirlər. Cəlil Məmmədquluzadəni də Lenin bilib geri qaytarıblar”. • “Adımı polisə demədi” “Növbəti dəfə Bakıda gələndə Azərbaycan Radiosuna da baş çəkdi. O zaman mən radioya rəhbərlik edirdim. Otağımda xeyli söhbət etdik, gedəndə dedi ki, “onsuz da Türkiyəyə qayıdanda məni yola salacaqsan, xahiş edirəm ki, Nazim Hikmətin səs yazılarını mənə verəsən”. Dedim, “baş üstə”. Tez bir zamanda Nazim Hikmətin nə səs yazısı vardısa, hamısını yazdırıb Əziz Nesinə verdim. Həmin səfərdən sonra Türkiyəyə qayıdarkən Nesini həbs etdilər. Həbsdə çox qalmadı. Amma istər tutulan zamanın, istər dindirilən anların, istərsə də həbsdə olduğu məqamların xatirəsini həbsdən çıxandan sonra bir kitaba yazdı. Kitab “Əziz Nesin polisdə” adlanırdı. Sonradan o kitabı mənə də hədiyyə etdi. Dindirilmə zamanı ondan soruşublar ki, Nazim Hikmətin səs yazılarını sənə kim verdi? O, da adımı çəkməyib, elə “Bakıda radioda çalışan bir gənc”, deyərək cavablayıb. O vaxt 1965-ci il idi. Amma Nazim Hikmət yenə də, ölümündən sonra da “təqib edilirdi”. Bəstəkarımız Arif Məlikovun Nazimə həsr etdiyi “Məhəbbət əfsanəsi” baletini tamaşaya qoyanda demişdilər ki, afişada Nazim Hikmətin şəkli olmasın. Amma o zaman da Arif Məlikov baletin səhnələşdirilməsinə qarşı çıxmışdı. Demişdi ki, əgər Nazimin şəkli afişada olmayacaqsa, tamaşaya da qoyulmasını istəmir”. • “Bu dəfə büstü səhv saldılar” “Əziz Nesin sonradan Bakıya gələndə özü ilə birgə bir çox kitab da gətirmişdi. “Əziz Nesin polisdə” də onların içində idi. O kitabda iki maraqlı məqam var. Deməli, deyir ki, “tutaq ki, böyük yazıçı Cəlil Məmmədquluzadəni Leninə bənzədirsiniz və mənə çatmasına mane olursunuz. Amma Türkiyə prezidentləri özləri Leninin movzaleyini ziyarət edirlər”. Bakıda olarkən Cəlil Məmmədquluzadənin büstünün önünə çiçək qoyub şəkil çəkdirmişdi. Həmin şəkli də Lenin bilib ondan almışdılar. Deyib, bu fotodakı Lenin, ora da Moskva deyil. Şəklin çəkildiyi yer Bakıdır, büst də Azərbaycan yazıçısı Cəlil Məmmədquluzadənindir”. Aqşin Babayev Əziz Nesinin Bakı səfəri ilə bağlı maraqlı məqamı xatırlayır. Aqşin Babayevin haqqında danışdığı ərəfə - 1965-ci il yazıçının oğlu Əhməd Nesin hələ kiçik uşaq idi. Amma o, mətbuata açıqlamasında atasının Bakıdan qayıtdıqdan sonra həbsini təsdiqləyib: “Atam hər dəfə Sovet İttifaqına gedib-gələndən sonra polis onu nəzarətə alıb sorğu-suala çəkirdi, məni isə məktəbdən qovurdular. Deyirdilər ki, Əziz Nesin gedib, Kommunist Partiyası ilə görüşüb. Atam Kommunist Partiyası ilə görüşmürdü, görüşdüyü kommunist Zəkəriyyə Sərtəl idi. O vaxt biz Bakıya getdik, hətta böyük qardaşım Əliylə Xəzər dənizində çimdik. 19664-cü il olardı. Əliylə dənizə ağ girib, qara çıxdıq. Anamın bizi neçə gündə təmizlədiyini bilmirəm (gülür). Orda bizi ya Əkbər Babayev, ya da Radi Fiş dənizə aparmışdı”. • “Bakını ikiqat artıq sevərik” Əziz Nesinin özü Bakıdakı səfərləri və təəssüratlarını sonradan öz xatirələrində yazdı. Onlardan bəzilərini təqdim edirik: “Nazim Hikməti çıxmaq şərtiylə, biz haradasa 40 ildən sonra Türkiyədən Azərbaycana gələn ilk türk ədəbiyyatçılarıyıq. Biz üç dost - Məlih Cövdət Anday, Yaşar Kamal və mən Azərbaycanda Türkiyə türklərinin nə qədər çox sevildiyini gördük. Azərbaycanın məşhur yazıçıları da Türkiyəyə gəlmişdilər. Mənə elə gəlir ki, onlar da seyrçilərin coşqun alqışlarında Türkiyə türklərinin azərbaycanlıları nə qədər sevdiklərini görmüşdülər. Bu sevgi qarşılıqlıdır. Türkcəmizdə sevdiyim sözlərdən biri "qəlbdən qəlbə yol var" sözüdür. Sosialist türk yazıçıları Azərbaycan türklərini bir kərə yox, iki kərə sevərlər. Biri türk soyundan olduğumuz və eyni gözəl dildə danışdığımız üçün, ikincisi də Azərbaycan inkişaf etmiş sosialist bir ölkə olduğu üçün... Təəssüflər olsun ki, Bakıda çox az qala bildik. Bu qısa vaxtda Azərbaycanı yaxından tanımaq mümkün deyildi. Ancaq bir məqam da var. Bir insan bir ölkədə uzun zaman yaşayırsa, yavaş-yavaş o ölkənin şərtlərinə uyur, alışır və bu səbəbdən o ölkənin bir çox xüsusiyyətlərini görə bilmir. Halbuki, başqa ölkəyə qısa bir vaxta gələnlər, o məmləkətin gözə çarpan, diqqəti çəkən yaxşı və pis cəhətlərini daha aydın görə bilirlər”. • “Azərbaycan xalqının qüsur və nöqsanlarını...” “Bakıda bir neçə ay qala bilsəydim, bəlkə bəzi məsələləri daha dərindən incələyərdim, amma o zaman da buraya alışar, sizlərdən biri olar və bir çox diqqətədəyər keyfiyyətləri və gözə batan nöqsanları görməyəcəkdım. Hər insan öz gözünə görə görür. Yəni onu demək istəyirəm ki, mən Azərbaycanı öz gözümlə, başqa sözlə bir sosialist yazıçı olaraq gördüm. Gördüklərimin içində məni çox sevindirən şeylər olduğu kimi, üzən şeylər olduğunu gizlətməyəcəm. Ancaq üzücü şeylər mənim içimdə qalacaq. Çünki Azərbaycan xalqının sosial qüsur və nöqsanlarını qısa zamanda həll edəcəyinə inanıram. 1. Bu qısa zamanda içində Azərbaycan insanı ilə Türkiyə insanı arasında bənzər və fərqli bir neçə xüsusiyyəti gördüyümü sanıram. Türkiyədə yazıçılar ümumiyyətlə o qədər ağır vəziyyətdə və həyat sıxıntısı içindədirlər ki, hələ də ədəbiyyatçıların olmasına heyrətlənirəm. Azərbaycanda isə yazıçılar o qədər rahat və fərəh yaşayırlar ki, nə üçün Azərbaycan xalqının hamısının ədəbiyyatçı olmadığına təəccüb etdim. 2. Biz, Türkiyə sənət adamları bir-birimizi o qədər qısqanırıq ki, hər fürsətdə bir-birimizi tənqid edirik. Siz, Azərbaycan sənətkarları isə bir-birinizi həddindən çox tərifləyir, hər fürsətdə göylərə qaldırırsınız. Mənə görə, hər ikisi də doğru deyil. Bakı radiosunda bir aşığın necə mədh edildiyini eşidəndə heyrətlər içində qaldım. Aşıq yaxşı saz çalırdı, diktor onu o qədər çox təriflədi ki, məsəl üçün, bundan sonra Füzulini, Şekspiri mədh etmək lazım gəlsəydi, artıq söz tapmayacaqdı. Mənə elə gəlir ki, biz Türkiyə türkləri bir-birimizi batırmaqda, siz Azərbaycan türkləri bir-birinizi göylərə qaldırmaqda ölçünü itirmişik. 3. Biz, Türkiyə türkləri tez-tez və hecaları udaraq danışırıq. Siz, azərbaycanlılar isə çox yavaş və hecaları uzadaraq danışırsınız. Bir insanın ömrü ortalama 60 il olsa, bu 60 ildə bizim danışdıqlarımızın yalnız yarısını azərbaycanlılar danışa bilərlər. Siz bizdən iki kərə çox yaşayırsınız, biz sizdən iki kərə çox danışırıq. 4. Türkiyədə qadın və kişilər arasında bərabərlik haqları yalnız kağız üzərindədir. Azərbaycanda isə qadınla kişi həm kağız üzərində, həm də sosial həyata bərabər haqlara sahibdirlər, amma evin içinə girincə Azərbaycanda da qadın-kişi bərabərliyi bitir. Azərbaycanlı kişisi başqa bir millətdən qızla evləndiyi zaman səsini çıxarmayan ailə, qızlarının başqalarına ərə getmələrinə yaxşı baxmır. Bəlkə yanılıram, amma mən belə gördüm. Qeyd: Mən psixolojik anlam baxımından nə qızın, nə də kişinin başqa millətdən birisiylə evlənməsinə tərəfdar deyiləm. Hətta bu evlilikdən gözəl və yaxşı nəsillər doğsa belə... 5. Hər ölkədə olduğu kimi Türkiyədə də ədəbiyyatda, mədəniyyətdə, siyasətdə gənc və yaşlı nəsillər arasında mübarizə gedir. Türkiyədə bu mübarizəni gənc nəsil qazanmışdır. Amma Azərbaycanda gördüm ki, yaşlı nəsil üstün gəlib. Kimliyimə baxılsa, mən gənc deyiləm. Ancaq kimliyim məndən tez qocalıb. Mən gənclərin tərəfindəyəm. İyirmi yaşında bir ürək, otuz yaşında bir beyinə sahibəm. "Dünyanın ən gözəl insanı kimdır?"- deyə məndən soruşsanız, "yetmiş yaşında da gənc qala bilənlərdir" deyərdim. Ancaq gənclərin yolunu kəsən insanları da gördüm. Günah yaşlılarda deyil, yollarını açmasını bilməyən gənclərdədir. 6. Təəssüflər olsun ki, müxtəlif səbəblərlə Türkiyə türkləri, aydınları Azərbaycan ədəbiyyatıyla yaxşı tanış deyillər. Azərbaycan aydınları da 1930-dan sonrakı türk ədəbiyyatını tanımırlar. Mən ümumi olaraq deyirəm, yoxsa çağdaş türk ədəbiyyatını çox yaxşı bilənlər də var. Biz Türkiyəyə qayıdan kimi çağdaş Azərbaycan ədəbiyyatını türk oxucularına tanıtmağa çalışacağıq. Məsəl üçün, mən Mirzə Cəlil Məmmədquluzadənin hekayələrini, başqa yazıçıların əsərlərini nəşr etdirəcəm. Bütün Azərbaycan oxucularına ən səmimi sevgi və sayqılarımı çatdırıram”. Əziz Nesindən danışmışkən, başqa maraqlı bir detalı da qeyd edək. Doğrudur bu hadisə Bakıda baş verməsə də, əhvalatın qəhrəmanları bizim yazıçılarla Əziz Nesindi. Əhvalatı İstanbula gedən yazıçılar arasında olan mərhum İsa Hüseynovun həyat yoldaşı Firuzə xanım danışıb. Burada kiçik bir epizodda Əziz Nesinin portretini cızmaq mümkündür: “İlk dəfə bizə icazə verdilər ki, Türkiyəyə gedək. Axı əvvəl Türkiyə ilə sərhədlərimiz bağlı idi. Türkiyəyə gedənlər arasında Süleyman Rüstəm xanımıyla, Rəsul Rza və həyat yoldaşı Nigar xanım və İsmayıl Şıxlı da var idi. Həmin dövrdə Türkiyə çox kasıb idi. Əziz Nesin Bakıya – bizə gəlib- gedərdi. Bir dəfə bizə dedi ki, “mən sizin hamınızdan üzr istəyirəm. Mənim elə pulum yoxdur ki, sizə qonaqlıq verim. Ancaq xahiş edirəm, sözümü yerə salmayın. Gedək hərənizi bir bulka ilə çaya qonaq edim”. Türkiyəyə gedəndə müğənni Orxan Gəncəbay bizi evinə qonaq çağırdı. Evləri çox böyük idi. Otaq pərdə ilə iki yerə bölünmüşdü. Otağın bir tərəfində Hitlerin vaxtında əsir düşmüş, Gəncədən, Qazaxdan olanlar var idi. Amma onların bizimlə görüşməyə ixtiyarları yox idi. İcazə vermirdilər. Otaqda çoxlu “çekist” var idi. Dedilər ki, kim qohum-əqrəbasını axtarırsa, kağızda adını yazsın, biz göndərəcəyik, sizə cavab gələcək. Atamgil də 3-4 qardaş idi. Ordan cavab gəldi ki, əmim bizim olduğumuz otaqdadır. Amma görüşməyə izn verilmədi. İsmayıl Şıxlı da dayısını tapdı. Dayısı Türkiyədə hərbi təyyarəçi idi. Belə anlar insana çox pis təsir edir. Öz yaxınını, doğmanı görmək istəyirsən, amma görə bilmirsən. Bircə Rəsul Rzanın xanımı Nigar xanıma, qardaşı ilə görüşməyə icazə verdilər. O da Moskvadan icazə almışdı. Nigar xanımın orda 3 qardaşı var idi. İkisi rəhmətə getmiş, biri sağ qalmışdı. Hava limanında onlar görüşəndə ətrafdakı hər kəs kövrəldi. Bacı-qardaş elə ağlayırdılar… Türkiyədə 20 gün qaldıq. Qayıdanda Nigar xanımı qardaşı ötürəndə üzü-əli əsdi. Dedilər ki, iflic olacaq. Dərman verdilər, həkim çağırdılar. Ancaq heç bir şey baş vermədi. Həmin hadisədən sonra Nigar xanım Bakıya gələndə xəstəliyə tutuldu”. E.Nazimoğlu. | |
|
Teswirleriň ählisi: 0 | |