03:43 Laçınlı - sultanların mülkü | |
LAÇINLI SULTANLARIN MÜLKÜ
Taryhy ýerler
Laçın rayonu, özünün strateji mövqeyinə və təbii resurslarına görə daim ermənilərin diqqət mərkəzində olub. Ermənilər bu ərazini işğal etmək üçün uzun illər baş sındırıblar və nəhayət ki, 1992-ci ildə buna nail ola bildilər. İşğaldan sonra onlar ilk növbədə Laçın ərazilərindəki tarix və mədəniyyət abidələrini eləcədə toponimlərimizi erməniləşdirdilər. Belə qurbanlardan biri də Sultanlar kəndindəki Həmzə Sultan sarayıdır. Azərbaycanın İşğal Olunmuş Ərazilərindəki Tarix və Mədəniyyət Abidələrini Müdafiə Təşkilatı ictimai birliyinin sədri Faiq İsmayılovun sözlərinə görə, Sultanlar kəndində müxtəlif tarixi dövrlərdə iki Sultanlıq olub. Buradan Qarabağ yaylasında yerləşən bir çox inzibati mərkəzlər idarə olunub. Qaraçorlu, Bayramuşağı, Qasımuşağı, Qaraçənli və digər tayfaların bütün bəyləri və görkəmli adamları bu Sultanların törəmələri hesab olunurlar. 1918-1920-ci illərdə əsası qoyulan Azərbaycan Xalq Cümhuriyyətini Hökumətinin də iki naziri Xosrov bəy Sultanov və Nurməmmədbəy Şahsuvarov da bu nəslin nümayəndələrindən idilər. Sultanlar kəndi (müəyyən dövrlərdə Qaraçorlu, daha sonralar Hüsülü, Əsətdər adlandırılıb). Kənd uzun illər Qaraçorlu mahalının mırkəzi kimi də fəaliyyət göstərib. Sultanlar kəndini Kosalar kəndindəki məşhur Ağoğlan Monastırından Həkəri çayının Minkənd qolunun axarı istiqaməti ilə 1500 metr, Laçının rayon mərkəzindən (Laçın Minkənd yolu ilə) 30 km məsafə ayırır. Kənd Azərbaycan tarixinin öyrənilməsi baxımdan olduqca maraqlı və əsrarəngiz bir ərazidir. Burada hündür dağ silsiləsinin ətəyində böyük saray komplekslərinin qalıqları indi də öz mövcudiyyətini saxlayır. Bu Sultanlığın fəaliyyəti barədə bir çox məqamların öyrənilməməsi, Azərbaycan tarixində hələ qaranlıq məqamların olduğunu göstərir. Rəvayətə görə Zəngəzur vilayətinin böyük bir hissəsi (indiki Laçın ərazilərindən ta Naxçıvana qədər) uzun illər bu mərkəzdən idarə olunub. Vaxtı ilə burada iki saray kompleksinin olduğu məlumdur. Bu saraylardan birincisi “Soltan Əjdər” sarayı adlanırdı. Soltan Əjdər sarayının dəqiq tikilmə tarixi hələlik bizə məlum deyildir. İkinci saray “Həmzə Soltan” adlanır bu sarayın isə inşa tarixi 1761-ci ildə tikildiyi güman edilir. Sovetlər dönəmində ərazini müşahidə edərkən, Kompleksin uçuqları arasında sarayın ətrafı qalın qala divarları ilə çevrələndiyi açıq görünürdü. Sarayın ümumi mənzərəsindən aydın olurdu ki, qəsrin hündür qülləsi olub. Qəsrin cənub tərəfinin küncündə giriş qapısı var idi. Gözəl tağlı tavanları qalın yan divarlara bərkidilən sarayın ikimərtəbəli olduğu açıq aydın görünürdü. Saray geniş və böyük zala xeyli sayda yardımçı otaqlara və divanxanaya malik idi. Bir çox Türk qaynaqlarındakı 1700-1760-cı illərin vergi kitablarındakı qeydlərində Bu Sultanlığın adının çəkilməsi deməyə əsas verir ki, indiki Laçın rayonu ərazisində yerləşən bu Sultanlıq Osmanlı İmperiyasının tərkibində olub. Bu ərazi, 1730-cu ildə Türk imperiyasının tərkibinə qatılmış, 1735-ci ildə farslar tərəfindən işğal olunmuş və sökülüb dağıdılmışdır. 1747-ci ildə Nadir şahın ölümündən sonra yenidən əsarətdən xilas olan Sultanlıq 1761-ci ildə özünə köhnə saray qalıqları üzərində, daha müasir bir saray binası inşa etdirdi. Bundan sonrakı bütün illərdə Sultanlıq rus işğalına qədər qədim Zəngəzur vilayətinin əsas inzibati idarə mərkəzlərindən biri olmuşdur. Sultanlar kəndinin bütün əraziləri, kurqanları, bədii daş nümunələri, türbələr və daş heyvan fiqurları ilə zəngindir. Ərazidə orta əsrlərdən qalma su dəyirmanlarının qalıqları da var. Ermənistan bu əraziləri işğal etdikdən sonra, 2007-ci ildə bu kəndi adı dəyişdirilərək Melikatun adlandırılıb. Melikatun sözünün Azərbaycan dilində mənası Məliklərin yaşadığı yer kimi xarakterizə olunur. Tarixdən məlumdur ki Zəngəzur ərazilərində Məliklik heç zaman olmamışdır. Qarabağ Məlikliyinin yaranması isə Azərbaycanda xanlıq dövrünə təsadüf edir. Ermənilər Azərbaycan tarixinə bu düzəlişləri ilə Beynəlxalq münasibətlərdə ictimai rəyi çaşdırırlar. 2007-ci ildə ermənilər “Həmzə Soltan” sarayının qalıqları üzərində otel tikdilər. Erməni mənbələrinin verdiyi məlumata görə 1998-ci ildə bu abidənin üzərindən bir neçə yazılı daş (daş kitabə) götürərək İrəvan şəhərinə aparılıb. Soltanlar kəndinin etnik tərkibi bütün tarixi dövrlərdə azərbaycanlılardan ibarət olub. Əhalinin əsas məşğuliyyəti bostançılıq, bağçılıq və heyvandarlıq idi. Əhalinin yaşayış evləri qara damlardan və sonralar müasirləşən balkonlu kənd evlərdən ibarət idi. Cabir Məmmədov. | |
|
Teswirleriň ählisi: 0 | |