10:31 Jesedi mumyýalanan Osmanly türkmen soltany | |
Cəsədi mumiyalanan Osmanlı sultanı
Taryhy makalalar
Baxmayaraq ki, İstanbul azərbaycanlıların mütəmadi getdiyi, yaşadığı, təhsil aldığı şəhərlərdən biridir, amma bu şəhərin tarixi, orada yerləşən abidələr, tarixi məkanlar haqqında bilgilər onlayn mediamızda həddindən artıq azdır. Biz də bunu nəzərə alaraq “İstanbulnamə” adlanan layihəmizdə İstanbulun məşhur yerlərindən əməkdaşımızın hazırladığı materialları mütəmadi təqdim edəcəyik. İlk məkanımız isə Osmanlı sultanı Möhtəşəm Süleymanın məzarıdır. *** Azərbaycanda da xeyli izləyicisi olan “Möhtəşəm yüz il” serialından sonra Sultan Süleyman Qanuniyə maraq Türkiyənin özündə də xeyli çoxalıb. Məhz bu serialdan sonra padşahın və azacıq kənarda yerləşən Hürrəm sultanın məzarı türklərin axınına məruz qalıb. Hətta oranı ziyarətimizdə məzarın Süleymaniyyə məscidinin yanında olduğunu ilk dəfə eşidənlər də var idi. Türklərin Möhtəşəm Süleyman adlandırdıqları sultan 1494-cü ildə doğulub. Anası Hafsa sultan Krım xanının qızı olub. Süleyman Manisa şəhərində uzun müddət sancaq bəyi olaraq xanədanlığa xidmət edib. Atası Səlimin ölümündən sonra 1520-ci ildə taxt-taca yiyələnir və Osmanlı tarixində ən önəmli yerə sahib olan bir hökmdar olur. Professor İlber Ortaylı “Hürriyyət” qəzetində ötən bazar günü yayımlanan yazısında onun padşahlığı dönəmi barədə bildirir: “Qanuni dönəmi Qərbdə və Şərqdə güclü, rəngarəng və dünyanı dəyişdirən hökmdarların dövrüdür. Rusiyada Qorxunc İvan da bu dönəmdə hakimiyyətdə idi. İspaniyanın kralı V Karl Möhtəşəm Süleymanın rəqibi idi. Gənc yaşda alman imperatorluğu tacına da yiyələnən bu imperator Süleyman xanın ucbatından rahat və qələbə dolu bir dönəm yaşaya bilmədi. İranda isə Səfəvi şahı Təhmasib hökm edirdi, “İslam tarixinin Qərbə ən açıq xanədanı” deyə biləcəyimiz bu xanədan Osmanlıya rəqib idi, amma uzaq coğrafiyada yerləşdiyi üçün Qərblə istədiyi kimi ittifaq qura bilmirdi. Səfəvilər odlu silahlar baxımından da zəif idi. Şah Təhmasib bu Türk xanədanının ən maraqlı hökmdarlarından biridir. Müsair İranı qurmaqda xidməti olanlardandır. Qanuninin Bağdadı tutaraq bugünkü İraqa yerləşməsiylə İran Osmanlının qarşısında gerilədi”. İ.Ortaylı əlavə edir ki, 13 dəfə səfərə çıxan Qanuni 46 illik səltənətinin təxminən üçdə birini at üstündə keçirib. Hərblə yanaşı sultanın dövründə Osmanlı mədəni yüksəliş də keçirib: “Şairlərin sultanı Baki, uzaq Kərbəlada bir küncdə qalmış, amma əslində ədəbiyyatımızın ən böyük şairi olan Füzuli bu dövrdə yetişdi”. Və tarix 1 may 1566-cı il. 72 yaşlı sultan yenidən at belindədir. Bu, onun son səfəri idi. Bu səfərdən sonra İstanbula onun cəsədi dönəcəkdi, amma mumiyalanmış olaraq! Hələ 1526-cı ildə Mohaç qələbəsi ilə türklərin Avropanın içərilərini fəth etməsi ilə başlayan sürəc onun sonrakı hakimiyyəti dönəmində də davam etmişdi. İndi isə Avstriyadakı Habsburqlarla qarşıdurma davam edirdi və sultan qoca yaşına baxmayaraq ordusunu idarə edirdi. Lakin 1566-cı il sentyabrın 7-də sultan “Otağı-Hümayun”da, yəni savaşı idarə etdiyi otağında vəfat edir. Səfərdə ikən sultanın vəfatı ordunu ruhdan sala, mərkəzdə isə təşvişə səbəb ola bilərdi. İlbər Ortaylı yazır: “Cahangir padşahın ölümü daxili qarışıqlıq təhlükəsinə görə gizlədilir. Cəsədinin iç orqanları taxtın altına gömülür. Nəşi isə mumiyalanır. Zigetvar qalası da həmin ərəfədə fəth edilir. Sultanın nəşi geyindirilərək taxta oturdulur və müzəffər ordunun rəsmi keçidi salamlanır. Dönüşdə “xəstə padşah arabasında səyhaət edir” deyilir”. Beləliklə, sultanın mumiyalanmış cəsədi İstanbula gətirilərək dəfn edilir. Macar və türk alimlər isə hazırda onun ürəyinin dəfn olunduğu yerin axtarışındadırlar... Bu barədə ara-sıra yeni iddialar söylənsə də, yekun fikir hələ ki yoxdur. Macar professor Norbert Pap ötən il verdiyi açıqlamada iç orqanlarının Zigetvar Üzüm təpəsində dəfn edildiyini bildirdi. Pap təpədəki türbənin yanında kiçik Osmanlı qəsəbəsinin də qalıqlarına rast gəlindiyini qeyd etdi. *** Qanuni Sultan Süleyman türbəsinə getdiyimizdə türbənin ətrafında xeyli adam var idi. Yayın son günləri, həmçinin Türkiyədə Qurban bayramı münasibətilə 9 günlük tətil olduğu üçün insanlar muzeylərə, türbələrə axın etmişdi. Ayaqqabılarımızı çıxarıb Azərbaycan tarixi üçün də önəmli şəxs olan sultanın məzarını ziyarət edirik. Osmanlı xanədanlığının ərazisini Avropanın içərilərinə qədər genişləndirən sultanın ruhuna Fatihə oxuyub ziyarətə gələn insanları seyr edirik. Bu türbədə Qanuni ilə yanaşı digər sultanlar – II Əhməd, II Süleyman, həmçinin Osmanlının məşhur qadınlarından Mihrimah sultan (Qanuni ilə Hürrəmin qızı, Rüstəm paşanın xanımı, 1522-1578) da dəfn olunub. Ziyarətə gələn qadınlardan bir qrup Mihrimah sultanın məzarı önündə diz çökərək yarım saatdan çox dua oxuyurlar. Qanuninin məzarından bir az kənarda isə onun məşhur xanımı Hürrəm sultan əbədi rahatlıq tapıb. Buranı isə daha çox “Xurrem sultan” deyən rus turistlər ziyarət edir. Nədənsə Mihrimah sultan üçün dua edən qadınlar Hürrəm sultanın məzarı önünə gəlmədilər. Onun üçün Fatihə oxuyanların sayı cəmi bir-iki nəfər idi. Bu türbədən də çıxıb Süleymaniyyə məscidinin yanındakı “Ağa qapısı” adlanan kafedə bir çay içib, İstanbulu yuxarıdan-aşağıya seyr edib Fateh Mehmedə və ondan sonrakılara belə bir gözəl şəhəri bizlərə bəxş etdiklərinə görə ruhlarına dua oxuyuruq. Dilqəm ƏHMƏD. | |
|
Teswirleriň ählisi: 0 | |