02:25 Mövlanə və Dostoyevski kimi... | |
Mövlanə və Dostoyevski kimi...
Edebi makalalar
(Ramiz Rövşənin doğum gününə) Milləti, xalqı, ölkəni seçilmişləri tanıdar. Ölkəmizin Üzeyir bəy, Mirzə Cəlil də daxil olmaqla seçilmişlər siyahısında böyük şairimiz, əziz dostum Ramiz Rövşən şərəfli yer tutur. Ramiz Rövşən haqqında söz deyərkən çoxölçülü Ramiz Rövşən zirvəsi göz önünə gəlir: metafizik şair, dəyərli yazar və esseist; görkəmli ssenarist; ensiklopedik biliyə və nəticə çıxarma qabiliyyətinə malik intellektual; nəfsinə cihad edə bilən, ümumi mənafeyi fərdi mənafeyindən üstün tutan demokratik düşüncəli ziyalı; peşə namusuna, ailə namusuna, torpaq və vətən namusuna həmişə sadiq qalan vətəndaş; katarsisdən keçib durulmuş, bütövləşmiş şəxsiyyət. Tanrı yaratdıqlarına bu atributları balansda paylayar, birini çox versə o birisinin payı azalar. Ancaq sevgisinə tuş gələnlərdən çox şeyi əsirgəməz. Ramiz Rövşən bu sevgiyə tuş gələnlərdəndir. Ona görə də Ramiz Rövşən zirvəsi belə çox sıldırımlıdır. Allaha yaxın olduğu üçün Mövlanə kimi, insana yaxın olduğu üçün Dostoyevski kimi. Təsadüfi deyil ki, Allah və ölüm, insan Ramiz Rövşən yaradıcılığında dominantlıq təşkil edir. Ramiz Rövşən klassik heca vəznində də yazdı, əruzda da. Lakin o, Azərbaycan poeziyasına yeni bir poetik sistem, düzüm gətirdi, Vaqif Səmədoğlu, Vaqif Bayatlı ilə bir vaxtda. Bu poeziya düzümündə bir azadlıq var: bir şeirdə 11-dən 8-ə, sonra 4-ə, sonra sərbəst şeirə keçid var. Görünür bu onun metafizik semantik-fəlsəfi təfəkkür tərzindən, bir də içinin azadlığından doğur. Onun ən çox sevdiyim şeirlərindən birinə baxın: Yeri-yeri qara paltarlı qadın Kiri-kiri qara paltarlı qadın. Bu qəbir də min qəbirdən biridir Baş daşımı bəsdir basdın bağrına. Bütün məni ağlayanlar kiridi Sən də kiri qəbrim damır, ağlama. Bu fikir ancaq Ramiz Rövşənə məxsus ola bilən metafizik fikirdir. Ramiz Rövşənə bioloji ömrü Allah verib. O, Allahı çox sevir, qarşılığında da Allah ona uzun mənalı ömür verər. Bir böyük şair kimi, dəyərli ziyalı kimi, təpərli, yenilməz şəxsiyyət kimi özünün qazandığı isə əbədi ömürdür. Rafiq ƏLİYEV, professor. | |
|
Teswirleriň ählisi: 0 | |