03:08 Əziz Nəsinin hekayələri | |
Əziz Nəsinin hekayələri
Satiriki hekaýalar
Mən hələ elə bir oxucu tanımıram ki, satiranı sevməsin. Hətta, bu janrı əvəzedilməz sananlar da var. Satira elə bir unikal yanaşmadır ki, özündə bir çox ədəbi janrların elementlərini birləşdirə bilir. Yeri gələndə dramatikliyi və ya komedikliyi, bəzən hətta faciəviliyi də önə çəkməyi bacarır. Bu taktikaları tətbiq etmək üçün müəllifin ustalığı da önəmli faktordur. Yəni, hər hadisəyə ironik baxış həmişə heç də uğurlu alınmır. Azərbaycan ədəbiyyatında olan satira ustaları hamımıza məlumdur və onları hələ də sevə-sevə oxuyuruq. Amma indi bəhs edəcəyim müəllif, qonşu Türkiyənin ədəbiyyatında analoji iz buraxmış olan Əziz Nesindir. Nesin, öz hekayələri ilə nəinki Türkiyədə, hətta bir çox ölkələrdə də məşhurluq qazanmışdır. Mən bu hekayələri oxuyarkən, mövzuların rəngarəngliyinə xüsusilə heyran qaldım. Nesinin yaradıcılığında ana xətt yaşadığı cəmiyyətin sosial durumu olsa da, müxtəlif yanaşmalar bu məsələləri daha da oxunaqlı edir. “Sizin ölkədə eşşək yoxdurmu?” hekayəsində, kasıb insanların ölkənin arxeoloji tapıntılarını (dolayısı ilə tarixini) əcnəbilərə çox ucuz qiymətə satılmasından söhbət getsə də, “Açılış təntənəsi”ndə müxtəlif mərasimlərin təyinata önəm verməyən qarınqulu qonaqlarından bəhs edilir. “Öz yerini tapanlar” mənəviyyatsız maddiyatçılardan, “Amerika malları satışı” fırıldaqçılardan, “Mən necə intihar etdim” bazar iqtisadiyyatının çürüklüyündən, “Biz evə qezət almırıq” uşaqların tərbiyəsindən, “Qulluqçu tutmaq istəyirdik” vicdanlı adamların necə əzilməsindən bəhs edir. Amma hamısında yumor mütləq vardır, insanı güldürməyi bacarır. Hətta, Nesinin bir hekayəsini oxuyanda başıma gələn hadisəni öz profilimdə bu cür yazmışdım; “Elə indicə marşrutun arxa oturacağında əyləşib kitab oxuyurdum. Əziz Nesinin “Ehistaş” hekayəsinin finalında elə ucadan güldümsə, hamı dönüb mənə baxdı. Hətta sürücü də çaşıb əyləci basdı. Özümü birtəhər yığışdırdım.” Ciddi ədəbiyyat yönümündən dəyərləndirdiyində, “Taxtalıköyə məktublar” da önəmli əsərdir, hətta, bir sıra alleqorik fəndlərdən əlavə, burada qara yumor effekti də var. Inanıram ki, Əziz Nesin, bu hekayələri yazmaqla məni təsirləndirməkdən peşman olmadı, çünki mən də onları oxumaqdan peşman deyilem. Bu kitabı mənə hədiyyə edən əziz dostum Fariz Bayramov-a sonsuz təşəkkürlər! Satira sevənlərə Nesinlə xoş mütaliələr!!! Səbuhi ŞAHMURSOY. | |
|
Teswirleriň ählisi: 0 | |