10:33 Baýatlar | |
BAYATLAR
Taryhy makalalar
Bayatlar - Azərbaycan, İraq, İran, Suriya, Türkmənistan və Türkiyədə yaşayan oğuz tayfasıdır. Azərbaycan və Türkmənistan türklərinin subetnik qrupudur. Bayatlar qayı boyu ilə birlikdə 24 oğuz boyuna rəhbərlik edən türk oğuz tayfası olub. Oğuz Kağan dastanında onların adı İl başı qayı-bayat adlanıb. Bayatların adı rəvayətə görə Oğuz xanın nəvəsi Bayat xanın adından yaranıb. Böyük tarixçi və döyüşçü Əbülqazi Bahadur xan (1602-1664) özünün məşhur “Şəcəreyi-Tərakimə” əsərində yazmışdır ki, Bayat Oğuz xanın oğlu Gün xanın ikinci oğludur. Səfəvilər dövründə bayatlar əslli zadəganlar hesab edilirdi. 16-cı əsrin sonlarına qədər Səfəvi sarayında bu tayfalanın nümayəndələri mühüm hərbi və dövlət vəzifələrini tuturdular. Bayatlar Azərbaycan türkcəsinin cənub dialektində danışırlar. Böyük Sovet Ensiklopediyasına görə Bayatlar Azərbaycana 13-cü əsrdə monqol işğalçıları ilə birlikdə gəlmişdilər. Onlar əvvəlcə Kiçik Asiya yarımadasında digər səlcuq tayfaları ilə qarışmışdılar. 15-ci əsrin sonu 16-cı əsrin əvvəllərində qızılbaşlarla birgə Azərbaycana yerləşdilər. 20-ci əsrin əvvəllərində Bayat toponimi Azərbaycanda Göyçayda, Şamaxıda, Qubada, Şuşada və Cavadda mövcud idi.Göyçay uyezdində Bayat-Məlik Ümmüd, Bayat-Qadir-Hüseyn,Cavad uyezdində Bayat, Qubada Sincan Bayat, Uzun Bayat, Şamaxıda və Şuşada Bayat adlı yerlər vardı. Gün xan oğlu Bayat oğuz uruqlarının toplantılarında xanın sağ yanında oturar, oğuz ordusunun sağ qoluna başçılıq edərmiş. Oğuz kübarlarına məxsus “Bəy şülən” deyilən məclislərdə o, xan ilə birlikdə qoçun sağ budunu yeyərdi. Bayatların bir çox ölkələrə dağılmaları və Dış oğuzların aparıcı qolunu təşkil etmələrini göstərən professor Zəki Vəlidi Toğan yazır: “Şimaldan qalxıb Cənuba yerləşən Uyrat-Uyğurlar, Qayat-Qayalar, Qanıqlıyut-Qanıqlılar və Bayaut-Bayatlar ismini daşıyan qəbilələr əslən türk olub, bir qismi Cingizin zuhuru zamanına qədər moğollaşmış idilər. Cozef Dögün isə bu haqda belə yazır: “Bayatlar Cingiz xana kölə deyil, onun ətrafında toplaşan bir çox qəbilələrdən biridir. Asiyanın geniş ölkələrindən Azərbaycana, Anadoluya, İraqa, Volqa boylarına qədər izləri görünən bayatların tarixi varlığı haqqında çeşidli qaynaqlarda geniş bilgilər vardır.” Bahadur xan Bayatların ana yurdundan danışarkən qeyd edir: “Bayatların qəbilələri çoxdur. Mühümləri “Cidayin nəhri kənarında yaşayan “Cidayin Bayatlar” və Məkrin nəhri kənarında yaşayanlar isə “Məkrin Bayatlar”dır. Bu haqda geniş məlumat “Türk ensiklopediyası”ndadır. Oradakı məlumata görə, Bayatlar XI yüzildən öncə Sır-Dərya sahillərində və onun şimalındakı bozqırlarda yaşayırdılar. Onların bir qismi sonradan səlcuq (yaxud türkmən) fəthlərinə qatılaraq Sır-Dəryadan Adalar dənizinə (Egey dənizi) qədər uzanan böyük imperiyaların qurulmasında mühüm rol oynamışdır. XIX yüzilliyin ortalarında Mərəş bölgəsində Zülqədər bəyliyini quran və Sivas ətrafında yurd salmağa çalışan Şam və ya Özoğlu türkləri arasında mühüm bir mövqeyə sahib olan və əksəri bugünkü Yozqad məntəqəsində yerləşən bu bayatlar Şam bayatı adı ilə tanınmışdır. XV yüzilin başlanğıcında Əyntab ilə Hələb arasında yaşayan bayatlar XVI yüzildə digər türkmənlərlə birlikdə Hələb türkmənlərini meydana gətirmiş, XVI yüzilin əvvəllərində “Bayadi” adı ilə tanınmışlar. Anadolu və Antakyada isə onlar ən məşhur oymaqlar olan Xəfərli, Şərəfli, Qızıldonlu, Ökdənli, Qaracaqoyunlu, Mancanıq, Qanqal və Yeni Eldə yurd salmışlar. XVI yüzildə bunların bir qismi Qaraman, bir qismi də Adana bölgələrinə köçmüşlər. M.Kalankaytlının “Alban tarixi” əsərində Boqayat adlı yaşayış yerindən – qaladan danışılır və onun Bərdə həndəvərində yerləşdiyi göstərilir. “Alban tarixi”ndəki Boqayat qalası Bərdə ətrafındadır. Boyat//Bayat//Bayatlılar//Sincan-Boyat//Qızıltəpə-Boyat// Boyatansüxtə//Bayatlı//Keşlakbayat//Əlbayat//Boqayat (Tanrı odu) və s. paralelləri olan bu adın müxtəlif ərazilərdə, o cümlədən Azərbaycanda da arealları vardır. Azərbaycanda məskun yerlərin siyahısı Kitabında isə Bayat adı ilə bağlı aşağıdakı kənd sovetlikləri, kəndlər və onların əhalisinin milli tərkibi göstərilmişdir. 1) Ağcabədi -Bayat kənd sovetliyi, əhalisi 57,9% türklər; 2) Göyçay -Bayat – 146 təsərrüfat, əhalisi 98,2% türk, 3)Şabran, Sincan Bayat b) Uzun Bayat kəndləri 27,150 təsərrüfat, əhalisi 99,9% türk 4) Şamaxı- Bayat 22 təsərrüfat, 88% türk. Hələ XIX yüzildə Azərbaycanın topoqraf alimi İbrahim ağa Vəkilov Azərbaycanda “Bayat” adlı 5 kənd göstərir. Onlardan biri əvvəlki Şuşa, o biri Göyçay, biri Salyan, biri Quba, o biri isə Şamaxı qəzalarında idi. Ağcabədinin Boyat kəndinin 17-18-ci əsrlərdə Qarabağda mühüm yaşayış məntəqələrindən biri olduğu dəqiqdir.Abbasqulu ağa Bakıxanov Gülüstani İrəm və Mirzə Adıgözəl bəy Qarabağnamə əsərlərində yazırlar ki,Qarabağ hakimi Pənahəli xan hələ Şuşa qalasını inşa etdirməkdən əvvəl 1747-ci ildə Boyat qalasını tikdirib və oranı xanlığın mərkəzi edib. Bakıxanovun və Mirzə Adıgözəl bəyin dedikləri Boyat qalasının xarabalıqları indi də Ağcabədinin Boyat kəndində qalmaqdadır. Pənah xanı Boyat qalasını tərk edib əvvəl Şah dağında Tarnauta və sonra Şuşa ərazisinə çəkilməyə məcbur edən tarixi ictimai səbəblər bundan bir neçə əsr əvvəl Qarabağdan bir çox bayat ailələrini uzaq yerlərə köçməyə məcbur etmişdi. Mütəxəssislərdən Qiyasəddin Qeybullayev, Tofiq Əhmədov, Afat Qurbanov da bayat/boyat tayfalarının Azərbaycandakı yaşayış ərazilərini göstərib onların Azərbaycana gəlmə tarixini qeyd etmişlər. B. Budaqov bayat tayfası haqqında danışarkən qeyd edir ki, onlar XIV-XV yüzillərdə Səfəvilər dövlətinin yaranmasında fəal iştirak etmişlər. A.Axundov isə bayatların Azərbaycana gəlişini IX yüzilin ikinci yarısına aid edir. Bu tayfanın adı ilə bağlı Türkmənistandakı yaşayış məskənlərinin (Darqanata, Dənev, Xocambaz və Carcou) adlarını çəkir, onların Boyat toponimi adı ilə adlandığını qeyd edir. Məhəmmədhəsən bəy Vəliyev-Baharlı Bayat tayfalarının Azərbaycana gəlişindən söz açmış, onların Səfəvilər tərəfindən indiki Quba qəzasında ləzgiləri tabe etmək və yerli hökmdarların qüvvətlənməsi üçün yerləşdirilməsini qeyd etmişdir. O, həmçinin Bayatların öz adlarını verdiyi kəndlərin adını da göstərmişdir. Göyçay qəzasında -Boyat-Məlik Umud, Bayat-Nadir, Cavad qəzasında -Sincan Bayat, Uzun Bayat, Şamaxı qəzasında -Bayat Şuşa qəzasında -Bayat. Beləliklə, Azərbaycan ərazisində Ağcabədi rayonunda Boyat kənd adı, Ucar, Neftçala və Şamaxı rayonlarında eyni adlı Boyat kəndi, Dəvəçi rayonunda Boyat və Sincan Boyat kəndləri, Dərbənddə Boyatlar məhəlləsi var. Qərbi Azərbaycanın Quqark (Qara kilsə) rayonunda Bayatlar kəndi olmuşdur. Tədqiqatçılarımız Bayat adının mənşəyini və mənasını müxtəlif baxımdan açıqlayırlar.XII əsr dünyanın ən böyük dilçilərindən olan Mahmud Kaşğarlı özünün “Türk dilinin lüğəti” əsərində Bayat boyunun adını çəkir və onu Oğuz tayfasının bir qolu kimi göstərmişdir. O, bu sözün “ulu tanrı” mənası verdiyini qeyd etmişdir. İran ensiklopediyasına görə isə Bayat sözü tərcümədə xoşbəxt və tam təmin edilmiş, varlı kimi mənasını verir. XI əsr türk-uyğur şairi, alim Yusif Balasaqunlu özünün məşhur “Kutadqu bilik” əsərində Bayat adını qeyd edir. O, Bayat tanrı adını çəkir və “Bayat adlı ilə sözüm başladım”-deyə onu yad edir. Bəzi tədqiqatçılar Bayatın su ilə bağlı ərən-tanrı olduğunu göstərməkdədir. Bu barədə L.N.Qumilyov öz əsərində qeyd etmişdir ki, qədim türklər (o sıradan da azərbaycanlılar) təbiətin sahibləri sayılan və Yer-Su adlandırılan ərən-tanrılara inam bəsləmişlər. Tural HƏMİD. | |
|
Teswirleriň ählisi: 0 | |