01:57 Mən atamdan 5 yaş "böyük" olsam da, ... | |
Mən atamdan 5 yaş "böyük" olsam da, ...
Ýatlamalar
Yarımçıq ömrün elegiyası “Səni məndən almağa sənin də gücün yetməz”. (Bir mahnıdan) 5-6 yaşlarım olardı. Yay günü idi. Atam məni meyvə bağımıza - yanına çağırdı, evə gedib anamdan bir-iki ovuc buğda alıb gətirməyimi tapşırdı. Mən qaça-qaça gedib buğdanı aldım, gətirdim. Atam bir qarışqa yuvasının yanında dayanıb qarışqaların qaynaşmasına baxırdı. Mənə dedi: “Bax, bu gətirdiyin buğdanın unundan bişən çörək bizi bir gün belə doyurmaz, amma bu qarışqalara qış uzunu bəs edər. Bu il quraqlıq oldu. Çətinlik çəkirlər, yem tapa bilmirlər”. Sonra: “Buğdanı yuvanın qabağına tök” dedi. Dediyini etdim. Ata-bala bir müddət dayanıb qarışqaların o buğdaları yuvanın içərisinə daşımalarına ləzzətlə tamaşa elədik. Atam aralandı, mən hələ də bu mənzərəyə uşaq marağı və heyranlığı ilə baxırdım. O bir neçə addımdan sonra mənə tərəf çevrilib: “Gözlə, qoy hamısını aparsınlar, toyuq-cücə əllərindən alar” dedi. Mənim üçün o anlarda bu, çox gözəl əyləncə idi. Amma böyüdükcə, yaşlandıqca anlamını daha aydın dərk etdim; Allah insanı ona görə belə mükəmməl yaradıb ki, başqa insanlara, başqa canlılara – heyvanlara, quşlara, ağaclara, hətta həşaratlara da sahib çıxsın, onlara mərhəmət göstərsin, onları qorusun. Çünki biz hamımız – bütün canlılar (elə cansızlarla birlikdə) bir yerdə təbiətik; hər birimiz təbiətin bir parçasıyıq. Ağac ağaclığı ilə bar verir, o barın az bir hissəsinin çürüntüsü gübrə əvəzi ona gərək olur, barının çoxunu başqa canlılara bağışlaıyr, acları, susuzları doyurur. Bar verə bilməyən də kölgə salır ki, istidə bizi sərinlətsin. Ən başlıcası da, ağac bizə nəfəs verir. İnsanlar nədən ağaclardan örnək almasın ki?! İnsan da gərək barından başqa canlılara pay tutsun, kölgə salsın, həyat qurtarıb nəfəs versin... ...Atam mənə həmin gün qarışqa yuvasının qarşısında ömrüm uzunu unutmayacağım bir dərs keçdi – müdrikliyi və mərhəməti, sevməyi və paylaşmağı öyrətdi. O, bir dəfə mənə demişdi ki, qarışqalara buğda tökməyi Qarabağın nüfuzlu ziyalılarından, müdriklərindən olan Seyid Mir Həmzə ağadan uşaq vaxtı öyrənib. Sonralar öyrəndim ki, Seyid Mir Həmzə ağa 1833-1918-ci illərdə yaşamış şuşalı şair, rəssam, xəttat və musiqişünas Seyid Mir Möhsün ağa Nəvvab Qarabağlının nəslindən olub, sonralar qardaşı Seyid Mir İbrahim ağa ilə birlikdə bizim kəndə köçüblərmiş. Atam bu iki qardaşdan bizə çox maraqlı, ibrətamiz xatirələr danışardı. Artıq 40 ildən çoxdur ki, mənim atam həyatda deyil; xərçəng xəstəliyinə yaxalandı və 1975-ci ilin payızında vəfat etdi. Mən ona övladlıq borcumu qaytarmağa fürsət tapa bilmədim; onu itirəndə 10 yaşım vardı. Əvvəl də anlamışdım, ancaq 50 yaşım tamam olanda bir daha bütün aydınlığı ilə dərk etdim ki, mən atamdan 5 yaş “böyük” olsam da, yəni ondan 5 il artıq yaşamış olsam da, ona olan ehtiyacım, yoxluğundan duyduğum acılar azalmayıb ki artıb. Bu nisgil şerə döndü. Və həmin bu şeri yazaraq ömrünün gözəl çağında – 45 yaşında dünyasını dəyişmiş atamın ruhuna bağışladım. Özümün, eləcə də, atasını, başqa əzizini itirmiş hər kəsin hisslərini, o ağrını, o yanğını, sevgini və özləmi ifadə etməyə çalışdım. Bunu bu gün dərc etməyə niyə qərar verdim? Özüm də bilmirəm. İzsiz, qızmar səhrada Bir içimlik su oldun. Bu çeşmə tez qurudu - Sənsizlik acı gerçək, Sən şirin arzu oldun! Sən demə, o xəyallar, o arzular bitərmiş. Səni məndən almağa sənin gücün yetərmiş. Rəbbimizə qovuşdun - Ruh Göydə, bədən Yerdə. Bu dünya - yalan dünya. Haqqın səltənəti var Sən uçub gedən yerdə . Bax, Cənnət nə gözəldir! Dedikləri qədərmiş. ...Səni məndən almağa Sənin gücün yetərmiş. Ayrılığın nisgili Köksümü dələn oxdur. Çox ağrıdır bu yara - Yumruq boyda ürəyə Dağ boyda zərbə çoxdur. Alnıma yazılanlar Bir ömürlük kədərmiş. Səni məndən almağa Sənin gücün yetərmiş. Bu “dünyanın sonu”ndan Mən də qorxurdum yaman. Ancaq körpə yaşımda Dünyamın sonu gəldi Sən çıxıb gedən zaman. Səndə tapdığım dünyam bir gün səndə itərmiş. Səni məndən almağa Sənin gücün yetərmiş. Yoxluğunu bilsəm də, Hər gün aradım səni. Necə geri qaytarım?! Allah deyiləm ki mən təkrar yaradım səni! Gecə-gündüz çağırdım... Fəryadlarım hədərmiş! Səni məndən almağa Sənin gücün yetərmiş. Hər kəs bir gün gedəcək əcəl zəngi çalanda. Düzünü Allah bilər. Ömrü verən də O-dur, Ömrü geri alan da. Ağlayaraq gələnlər Ağladaraq gedərmiş! Səni məndən almağa Sənin gücün yetərmiş! Bahəddin HƏZİYEV. Mənbə: Turkustan.info | |
|
Teswirleriň ählisi: 0 | |