01:42 "Mütəllibov Azərbaycanı dağıtdı getdi” - Elçibəyin qardaşı | |
"Mütəllibov Azərbaycanı dağıtdı getdi" - Elçibəyin qardaşı
Publisistika
"Elçibəy haqqında kim nə deyirsə, desin. Əsl həqiqəti Allah bilir ki, kim nə edib. O, özü Azərbaycanı dağıtdı getdi, indi Elçibəy haqqında danışır”. Karabakhmedia.az xəbər verir ki, bu sözləri musavat.com-a açıqlamasında mərhum prezident Əbülfəz Elçibəyin qardaşı Almurad Əliyev eks-prezident Ayaz Mütəllibovun sözlərinə cavab olaraq, bildirib. Almurad Əliyev deyib ki, A.Mütəllibov Elçibəy haqqında danışmaqla gündəmə gəlmək istədi, lakin bu əks-effekt verdi: “Elçibəy ona nə edib ki..? Özü aləmi qatdı-qarışdırdı. Elçibəy onu o vaxt çağırdı yanına və dedi ki, gəl bir olaq. Bu, mənim yadımdadır. Ancaq o, qəbul etmədi. İndi o, nə istəyir? Kəlbəcərin işğalı ilə Elçibəyin nə əlaqəsi var? Elçibəyin hər zaman ona münasibəti yaxşı olub. Lakin o, özü heç vaxt barışmadı. O zaman yığıldılar, iclas keçirtdilər, lakin Ayaz Mütəllibov gəlmədi”. Almurad Əliyevin sözlərinə görə, belə bir insanın Elçibəy haqqında danışması onu narahat etmir: “Mütəllibov nə deyir, desin. Allah bilir hamısını, kimin kim olduğunu... O, camaatı bir-birinə vuran adamdır. Bu məsələni ortaya atmaqda məqsədi nədir, mən onu bilmirəm. İstəyir ki, yenidən gündəmə gəlsin. Çünki, çoxdan gözdən düşüb, yaddan çıxmış bir adamdır. Allah hökumətin canına dəyməsin, bir az pul veriblər, onunla dolanır. Yeyib-içir, işi-gücü yoxdur. İstəyir ki, nəsə danışsın və gündəmə gəlsin. Elə bilir ki, Elçibəy haqqında danışsa, hörmətə minəcək. Daha bilmir ki, Elçibəydən danışanda hörmətdən düşəcək. Ciddi bir adam qardaşım haqqında o sözü desəydi, xətrimə dəyərdi. Ancaq o adamın sözü məni incitmir, çünki ciddi bir adam deyil. Özü Azərbaycan üçün nə etdi ki..? Ölkəni dağıdıb, getdi”. | |
|
Teswirleriň ählisi: 0 | |