23:56 Albanların ilk yurdu Alpan | |
ALBANLARIN ILK YURDU ALPAN
Taryhy ýerler
Quba ərazisi Qafqaz Albaniyasının ilkin tarixi təşəkkül dairəsini əhatə edir. “Alban” adının daşıyıcısı olan Alban tayfasının ilk məskəni Alpan da məhz Quba rayonu ərazisində yerləşir. Əraziləri basmış ərimiş buzlaq suları çəkilənə qədər Böyük Qafqaz sıra dağlarının Şahdağ massivinin ətəyindəki yüksəkliklərdəki düzənliklərdə-indiki Alpan (Quba rayonu) ərazisində ilkin alban tayfalarının əcdadları yaşamışlar. Alpan kəndi Alban tayfasının adını və tarixi şəhadətlərini indi də özündə yaşadır. Məşhur Azərbaycan tarixçisi A.Bakıxanov “Gülüstani-İrəm” adlı tarixi əsərində Alpan sözünün “Alban” adının qalığı olduğunu söyləsə də, əslində “Alban adının özü “illipi-illipan-alpan” sözündən qalma addır. Bunu antik mənbələrin məlumatları da təsdiqləyir. Bir sıra müəlliflər Alpan-Alban sözlərinin uca, hündür ərazidə yaşayan el, ölkə mənası daşıdığını bildirirlər. “Torpağın köksündə tarixin izləri” adlı kitabın müəllifi A.Axundov isə “Alpan” sözünü “Alban” sözündən fərqləndirir və göstərir ki, Albaniya toponimi “dağyeri”, “dağıstan” mənasını daşıyır. Alpan sözü isə onun fikrincə, “sərrast, atıcı, qəhrəman, pəhləvan, igid, cəsarətli, qorxmaz” mənalarını bildirir.(Bax. Həmin əsər. Səh. 77) Bu gün Dərbənd və Dərbənd ətrafı ərazilərdə yaşayan yerli türkdilli əhalinin alpanlılarla eyni ləhcədə danışmaları, bu yerli xalqların ulu əcdadlarının ən qədim dövrlərdə Alpan ərazisindən Xəzərətrafı ərazilərə yayıldığını bir daha təsdiqləyir. Köklü yerli dərbəndlilər öz ləhcələrinə görə alpanlılardan fərqlənmirlər. Faktiki olaraq “Alban” adlı xalq və dövlət haqqında ilk dəfə məlumat verən müəllif Strabon olmuşdur. Lakin buna baxmayaraq, “alban” sözünə daha yaxın və “alpan” ifadəsinə uyğun olan “illipi” sözünə Aşşur (Assuriya) mixi yazılarında rast gəlirik. Həmin mixi yazılar e.ə.II minilliyə aiddir. Məşhur iran tarixçisi Bahar “illipi”lərin lullubelər olduğunu söyləmiş və tarixçilərin bir qismi belə hesab edirlər ki, “alpan” etnotoponiminin “illipi” toponomi ilə sıx bağlılığı var. Güman etmək olar ki, Şimali Azərbaycan ərazisinin ilk sakinləri olan alpanlar Azərbaycanın cənub ərazilərindən şimala köçüb Şahdağ massivi ətəklərindəki düzənliklərdə məskunlaşmışlar. Bəs bu məskunlaşma nə vaxt baş vermişdir? Azərbaycan tarixşünaslığında Şimali Azərbaycanda əhalinin məskunlaşması, ilk siyasi birliklərin yaranması və. s məsələlər tam aydınlaşdırılmamışdır. Buna görə də yuxarıdakı suala öz tədqiqatlarımın nəticələrinə əsaslanmaqla cavab verməyə çalışacağam. Məlumdur ki, insanın ilk ana yurdu Afrika ərazisi olmuş və insanlar dünya coğrafi ərazisinə tədricən oradan yayılmışlar. O cümlədən də Azərbaycan ərazisinin əvvəlcə cənubunda və şimali Azərbaycanın Naxçıvan, Qarabağ, Qazax bölgələrində ilk insanlar məskunlaşmışlar. Təbii şərait yaxşılaşdıqca cənubdakı insanların şimala doğru hərəkətləri baş vermiş və mezolitə qədərki dövrdə cənubda yaşayan illipilərin (lullubilərin) bir hissəsi şimala doğru hərəkət edərk sonralar “Albaniya” adını alacaq ərazidə məskunlaşmışlar. Türkdilli sular da onlar kimi cənubdan şimala köçmüş, nəticədə Susay (su soyundan olanlar) toponomi yaranmışdır. Mezolit dövründə buzlaqların əriməsi nəticəsində baş verən “ümumdünya daşqını” düzən ərazilərdə yaşayan insanların yüksəkliklərə qalxmalarına səbəb olmuşdur. Məhz həmin dövrdə illipilər Şahdağ massivinə qalxmış və ərimiş buzlaq suları çəkilənə qədər yüksəkliklərdə yaşamışlar. İndiki Alpan kəndinin (Quba) ərazisi də həmin yüksəkliklərə aid olmuşdur. E.ə.III minillikdə Cənubi Azərbaycan ərazisində erkən dövlət qurumları, o cümlədən də lullubilərin dövləti yaranan zaman cənubdakı insanların şimal ərazilərə yayılması prosesi bir qədər də sürətlənmişdir. E.ə II-I minilliklərdə Şimali Azərbaycan ərazisində hərbi demokratiya qaydaları əsasında fəaliyyət göstərən tayfalar meydana gəlmişdir. Həmin dövrdə bütövlükdə Azərbaycan ərazisinə Assuriyanın siyasi təsiri güclü olmuşdur. Lakin e.ə XII əsrdən etibarən kimmerilər üstünlüyü ələ almağa cəhd etmişlər. Onlar ilk növdəbə farsdilli peşdadiləri şimaldan cənuba-Farsa sıxışdırmışlar. Ari tayfalarından olan peşdadilər e.ə X əsrin sonlarına qədər Assuriyadan asılı olmuşlar. E.ə X əsrdə Assuriya zəifləmiş, bundan istifadə edən kimmerilər qərbi Xəzər ətrafı ərazilərdə möhkəmlənməyə cəhd etmişlər. Farsda məskunlaşan arilər də şimala doğru hərəkətə başlamışlar. Bu vaxt Qərbi Xəzər ərazisində illipilərin törəmələri olan alpanlar (albanlar) içərisində siyasi birliyə meyl güclənmişdi. Onlar Çola və Dərbəndə kimi Xəzər ətrafı əlverişli ərazilərə yayılmışdılar. E.ə I minillikdə Alban tayfası qelləri, leqləri, udinləri və s. çoxsaylı tayfaları vahid halda birləşdirərək tayfa itiffaqı yaratmışdı. Yaranmış tayfa ittifağına Zariadr (Zaroastr) adı ilə Hares Mitilenski tərəfindən bizə təqdim edilən və “Avesta”da Zərdüşt adlanan şəxs başçılıq edirdiAlpan kəndinin ərazisində ən qədim dövrlərdən insanların yaşaması arxeologiya ilə də sübut olunur. Kənddə geniş arxeoloji tədqiqat aparılmasa da, şəxsi səylərimiz nəticəsində əldə etdiyimiz maddi tapıntılar bu ərazidə çox qədim dövrlərdən insanların yaşadığını təsdiqləyir. Ərazidən tunc dövrünə (e. ə IV-II minilliklər) aid kiçik köpə, e. ə I minilliyə aid dəmir alət, boyalı alban qabı qırıntıları tapılmışdır. E.ə I minilliyə aid “Qalacıq” (Qələcuq) gurgahı isə öz arxeoloji tədqiatını gözləyir. Alpan kəndində şəxsi kolleksionerlərdə yerdən tapılmış qədim mis və gümüş pullar da mövcuddur. O cümlədən də I Tiqrana aid gümüş pul kəndin sakini Xanbaba Poladovun şəxsi kolleksiyasında vardır. Həmin pul kəndin “Qılınc pir” adlı ərazisindən qədim mis pullarla birgə tapılmışdır. Pulun bir üzündə yunan əlifbası ilə “AƷILES TIГPAN I” qeydi, o biri üzündə isə əlində kəsilmiş kişi başı, ayaqları altında başsız çılpaq qadın olan Roma imperatorunun taxtda oturmuş təsviri verilmişdir. Apardığımız araşdırmalar nəticəsində verdiyimiz təfsilatdan aydın olur ki, Azərbaycan ərazisində heqomon tayfa olan Alban tayfası Azərbaycan ərazisində məskunlaşana qədər insanların ilk beşiyi hesab edilən Şimal-şərqi Afrika ərazisindən çıxıb Yunanıstana və Kipr bölgəsinə, oradan da Mesopotamiya və Cənubi Azərbaycan ərazilərinə üz tutmuş qədim insanlardan törənmişlər. Tarixin müəyyən dövründə insanlar özlərinə məxsus adla biri digərindən fərqlənməklə mövcud olduqları vaxt “illipi” tayfası da öz adı ilə seçilmişdir. “İllipi” tayfa adından “illipan”, “alpan” və nəhayət “alban” adı meydana gəlmişdir. Alpanlar Şahdağ massivi bölgəsindən tədricən müasir Azərbaycanın geniş ərazisinə yayılmışlar. Şahdağ massivi bölgəsi ilk dövrlər onların sıx məskunlaşdığı ərazi olmuşdur. Məhz buna görə də Şahağ massivinə yaxın ərazidə meydana gələn Qəbələ şəhəri Albaniyanın paytaxtına çevrilmişdir. Dərbənddən Xınalığa və oradan da Qəbələyə gedən yol Alpan kəndi ərazisindən keçmiş və “El yolu” adlanmışdır. Alpan kəndi ərazisində Albaniyanın paytaxtı Qəbələnin mühafizəsinə xidmət edən müdafiə istehkamları-qalalar mövcud olmuşdur. Həmin qalalar (Seyfi qala, Qalacıq) artıq qala kimi mövcud olmasalar da, Alpan kəndi ərazisində yer adı ilə toponim olaraq qalmaqda davam edirlər. Yuxarıda təfsilatını verdiyimiz hadisələrin davamı dövründə albanların ilk yurdu olan Alpan daha da inkişaf etmiş və böyük yaşayış məskəninə çevrilmişdi. Həmin yaşayış məskəni Ptolomeyin (II əsr) xəritəsində “Albana” adı ilə əks olunmuşdur. V-VI əsrlərdə şimaldan Dərbəndə və Dərbənddən Qəbələyə olan hun yürüşləri qədim Albananın tənəzzülə uğramasına səbəb olmuşdur. Dağılmış Albananın xarabalıqlarından müasir dövrdə yerli əhali uzun illər ərzində saxsı qırıntıları yığmaqla, həmin qırıntılardan təndir salınmasında istifaə edirdilər. Ərazidə bu qədər saxsı qırıntısının olması yaşayış məskəninin əzəmətindən xəbər verir. Qeyd edilən qədim yaşayış məskəni qalıqları müasir “Quru çay”ın sol sahili boyu təpəliklər üzərindəki düzənlikləri əhatə edirdi. VII əsrə qədər Alpan kəndininin əhalisi öz etnos mənşəyini bəsit olaraq saxlamışdır. VII əsrdə ərəb istilası ilə əlaqədar Quba ərazisində məskunlaşan ərəblərin bir qismi Alpan ərazisinə gəlmiş və Alpanda “Ərəbli” tayfasının əsasını qoymuşlar. Həmin tayfanın törəmələri indi də Alpan kəndində yaşamaqda davam edirlər. Kəndin ərazisindəki “Seyidlər” ( Seyiddaşı) qəbristanlığı da “müqəddəs ərəbin” adı ilə əlaqəli olub həmin dövrə aiddir. Yerli alban etnosuna başqa mənşədən olan etnosların qarışması sonrakı əsrlərdə davam etmişdir. XIII əsrdə Alpan kəndi ərazisinə monqol-türk mənşəli etnoslar daxil olmuşlar. Xüsusilə, də Hülaki xanın sərkərdəsi Atlı xanın nəslindən olanlar Alpanda məskunlaşmış və nəticədə Alpanda yerli əhalinin “Atlıxanlı” adlandırdıqları “Atlıxanlılar” tayfası yaranmışdır. Bu yazının müəllifi də ( Babayev Zabit Bəcan oğlu) həmin tayfaya mənsubdur. XVI əsrin əvvəllərində Şirvanın Səfəvilər tərəfindən işqalı zamanı Səfəvilər Alpandan da yan keçməmişlər. Hal-hazırda Alpan kəndində mövcud olan XVI əsrə aid “Subaba” türbəsi Səfəvi əsgərinin qəbri üzərində ucaldılmış türbədir. Türbə dağılmış halda olub, bərpaya ehtiyac duyur. Türbədə Səfəvi əsgəri Sufi Mikayılın dəfn edildiyi bildirilir. Onu əhali “Sufi baba”-deyə çağırmışlar, daha sonralar həmin ifadə “Subaba” şəklini almışdır. VII əsrdə Alpan ərazisinə saxsı borularda içməli su kəməri çəkilmiş, hansı ki, belə su kəmərinə arxeoloji qazıntılar nəticəsində Şabran ərazisində təsadüf edilmişdir. XVI əsrdə Alpan iqtisadi cəhətdən inkişaf etmiş, orada irsi bəy hakimiyyəti yaranmışdır. XVI əsr bəy nəslinin ilk nümayəndələrindən biri Hacı Qayıb olmuşdur. Qayıbovlar bəy nəslinin hakimiyyəti Azərbaycanda sovet hakimiyyəti yarandıqdan sonra (28 aprel 1920-ci il) sona yetmiş və həmin nəslin bəylərinin bir qismi Muğana, digərləri isə Qazaxa sürgün edilmişlər. Alpanda bəy nəslinin başqa bir qolunu “Atlıxanlılar” nəslindən çıxmış bəylər təşkil etmişlər. Bu nəsildən olan bəylər XIX əsrdə yalnız Alpanda deyil, Azərbaycanın iqtisadi və siyasi həyatında mühüm rol oynamışlar. Həmin bəylərin ən nüfuzlu nümayəndəsi Məhəmmədxan bəy Alpanlı (yerli əhali onu “Məmmədxan” adı ilə çağırmışdır) idi. Onun Şahdağın ətəklərində geniş yaylaqları, 500 atdan ibarət ilxısı, geniş taxıl zəmiləri, çoxlu mal-qarası olmuşdur. Şahdağ massivi ətəklərindəki yaylaqlar indi də “Məmmədxan yaylağı” adı ilə tanınır. O, XIX əsr Azərbaycanının ən böyük feodallarından hesab edilir. 1837-ci il Quba üsyanının səbəbkarlarından biri olmuşdur. Onun nəslindən bir neçə rütbəli zabit çıxmışdır. O cümlədən, mayor Xanbaba bəy Varşava müsəlman alayında xidmət etmişdir. Nəcəfqulu bəy isə “Alpanbəy” adı ilə 1806-cı ildə Dərbəndin naibi, 1812-ci ildə Dərbənddə məhkəmə (divan) idarəsi yarandıqdan sonra həmin idarənin iki bəy üzvündən biri olmuşdur. Sonra Dərbənd divanında uzun müddət işləmişdir. Qəbri “Subaba” türbəsi ərazisindəki qəbirstanlıqdadır. Alpan bəyləri yalnız Alpan kəndi ərazisində deyil, Xəzər dənizinə kimi geniş ərazilərdə də mülklərə malik olmuşlar. O cümlədən də indi “Ağbil”, “Atuc”, “Hacıqayıb” adlı Quba rayonu ərazilərində də Alpan bəylərinin mülkləri olmuşdur. “Hacıqayıb” kəndinin adı da XVI əsr Alpan bəyi Hacı Qayıbın adı ilə bağlı olub, bu kənd onun mülkü olmuşdur. Yuxarıda qeyd edilən ərazilərdən 1960-cı illərdə də alpanlılar istifadə edirdilər və Alpanda təşkil edilmiş sovxozun o yerlərdə mülkləri var idi. Xudat şəhəri yaxınlığındakı “Seyidli” ərazisində çoxdan bəri alpanlılar məskunlaşmışlar. Həmin məskunlaşan alpanlıların əksəriyyəti Alpanın “Ərəbli” tayfasından olanlardır. “Seyidli” adının özü də orada ərəb mənşəyindən olan əhalinin məskunlaşmasına bir işarədir. Belə ki, Alpanda ərəb mənşəliləri “Seyidlər” adlandırırdılar. İndiki “Seyiddaşı” adlandırılan böyük qəbir daşının olduğu qədim qəbirstanlıq (Alpan kəndində) gəlmə ərəb tayfasından olanlara məxsusdur. Alpanın inzibati ərazisi 1920-ci illərə qədər şimalda Qusar çayına qədər uzanırdı. İndi “Zareçka” adlanan Qusarçay sahilindəki qəsəbə “Bağış bəyin düzü” adı ilə çağırılırdı. Yalnız son vaxtlar o yeri “Zareçka”-deyə çağırırlar. Bağış bəy isə Alpan bəyi idi. O ərazi Bağış bəyə məxsus mülk olduğundan “Bağış bəyin düzü” adlanırdı. Qusar çay üzərindəki ilk körpünü də XX əsrin 20-ci illərində müəllim Ağadadaş Şahbazovun nənəsi, firqəçi Möhtərəmə xanım tikdirmişdir. Alpan kəndi ilə qonşu ərazilərdəki Uzunmeşə və Kürkün kəndlərinin sakinləri Alpan bəylərinin təbəələri olmuşlar. Həmin kəndlərdə əhalinin məskunlaşması XIX əsrə aiddir. Kürkünlülər Miskincə (Dağıstanda kənd) qızılbaşlarından olub, şiə təriqətinə mənsubdurlar. Alpanın cənub-şərqində Digah kəndi yerləşir. Digahda kənd salınan ərazinin çox hissəsi Alpan bəyləri Mülküm bəy və Osman bəyin torpaqları olmuşdur. Alpan kəndi ərazisində rus qəbirstanlığı mövcudur. Həmin Qəbirstanlıq XVIII əsrə aiddir. Hal- hazırda meşəlikdir. “Dumal” adlandırılan məhəllənin üstündə, hazırkı müsəlman qəbirstanlığının şimal hissəsindəki meşəlikdə yerləşir. Rusların bu ərazilərdə yaşamaları I Pyotrun istilalarından sonrakı dövrə (XVIII əsrin 20-ci illəri) aiddir. Ruslar bu ərazilərdə 1796-cı il hadisələrinə qədər yaşamışdılar. 1796-cı ildə rus generalları Savalyev və Zubov mayın 10-da Quba xanı Şeyx Əlini məğlubiyyətə uğradıb Dərbəndi tutduqdan sonra Qubanı tutmağa qoşun yeritmişdir. Qubaya yeridilən qoşunlara Bulqakov başçılıq edirdi. Şeyx Əli xan Qazıqumuq hakimi Surxay xanla birləşərək Bulqakova qarşı döyüşürdü. Tərəflər arasında ən gərgin döyüş 1796-cı ilin iyun ayında Alpan kəndi ərazisində oldu. Ruslar 500-dən artıq əsgər itirdilər. Lakin çətinliklə də olsa, onlar iyunun 6-da Qubanı işğal etdilər. Məhz bu hadisələr zamanı həlak olmuş rus kazakları Alpan ərazisindəki rus qəbirstanlığında dəfn edilmişdir. XIX əsrin ikinci yarısı, XX əsrin əvvəllərində Alpanda Dənyar bəy və Azay bəy öz nüfuzları ilə fərqlənmişlər. Onlar kənddə maarifin inkişafına xüsusi diqqət yetirmişlər. Bəy uşaqlarından bir neçəsi təhsil almaq üçün Rusiyaya göndərilmişdir. XX əsrin əvvəllərində isə Türkiyədə təhsil almağa üstünlük verilmişdir. Alpandan Şeyxheybət Babayev dini və dünyəvi təhsil almaq üçün İstanbul universitetinə göndərilmiş, təhsil aldığı dövrdə o, Hüseyn Cavidlə yaxından tanış olmuşdur. Azərbaycanda repressiyalar dövründə ona qarşı da təzyiqlər göstərilmişdir. Şeyxheybət Babayev Quba şəhərində ədəbiyyat müəllimi kimi müəyyən dövr fəaliyyə göstərdikdən sonra XX əsrin 60-cı illərində vəfat etmişdir. Alpan kəndində 1910-cu ildə ilk məktəb açılana qədər 1808-ci ildə inşa edilmiş Alpan məscidində bəy uşaqlarına dini təhsil verilmişdir. XX əsrin başlanğıcında da Alpanda savadlı bəy uşaqları məktəb açıb tədris işi ilə məşğul olmuşlar. Zaman bəy Qayıbov 1910-cu ildə öz evində bir sinifli ibtidai məktəb açmışdır. 12 şagirddən ibarət həmin məktəbin ilk müəllimi Mariya Timofeyevna olmuşdur. Getdikcə şagirdlərin sayı artmış və 1915-ci ildə Alpan kəndində ilk məktəb inşa edilmişdir. Qazaxlı Harun müəllimin direktorluq etdiyi bu məktəb 1925-ci ildə yanmışdır. 1932-ci ildə alpanlı Məhəmməd Babayev yeni məktəb inşa etdirmişdir. XX əsrin əvvəllərində Alpan bəylərinin 4784 desyatindən artıq torpaq sahələri olmuşdur. Lakin mövcud torpaq sahələrinin hamısı əkilib becərilmirdi. Quba qəzasının rəisi Leontyev kənd sakinlərini Quba şəhərindəki məcburi mükələfiyyət işlərinə cəlb etməklə onları təsərüffat işlərindən ayırırdı. Alpan kənd sakini Süleyman Məlikov həmin dövrün hadisələrini xatırlayaraq Quba şəhərindəki məcburi mükəlləfiyyət işindən imtina etdiyinə görə Leontyev tərəfindən həbslə hədələndiyini bildirirdi. Əhalinin iqtisadi vəziyyətinin pisləşməsi 1917-ci ildə özünü daha qabarıq göstərmişdir. Nəticədə, Alpan kəndində bir tərəfdən qaçaqçılıq hərakatı güclənmiş, digər tərəfdən əhalinin bir qismi sovetləşməyə meyl etmişlər. Qaçaqçılıqla məşğul olan Mursal adlı şəxs olmuşdur. 1917-ci ildə Alpanda ilk sovet yarananda, həmin təşkilatın sədri Bədəli vurub öldürən də qaçaq Mursal idi. Alpan kəndində bu hadisəni özündə əks etdirən “Bədəlvurulan yer” toponimi mövcuddur. Qeyd edilən dövrdə Alpan bəylərindən Beybala bəy Qayıbov öz nüfuzu ilə seçilmiş, Quba qəzasının rəisi Əli bəy Zizigski və onun müavini Mircəfər Bağırovla çox yaxın olmuşdur. 1918-ci ildə Alpan əhalisi erməni təcavüzünə məruz qalmışdır. Amazaspın 2 min nəfərlik ordusu tərkibində fəaliyyət göstərən, müsəlman türk əhalisini qəddarlıqla qırmaq məqsədilə xüsusi olaraq yaradılmış Serqo Martikyanın dəstəsi Quba şəhərinə daxil olub şəhərdə 2 mindən artıq insanı məhv etdikdən sonra (həmin öldürülmüş insanların üst-üstə tökülüb basdırıldığı məzarlıq 2007-ci ildə Quba şəhərində qazıntı zamanı aşkar edilib-Z.B) Digah istiqamətindən Alpana tərəf yeridilmiş və bu zaman onlara qarşı Beybala bəyin təşkil etdiyi tüfəngçilər dəstəsi müqavimət göstərmişdir. Subaba ərazisindəki döyüşdən sonra ermənilərdən pis silahlanan və sayca az olan dəstə kənddən geri çəkilməyə məcbur olmuşdur. Ermənilər Alpan kəndinə daxil olub kənddən çıxmağa imkan tapmamış, Alpan orta məktəbinin hazırki tarix müəllimi Cəlal Qəribovun babası Tarbəyi və onun qonşusu Ağasini güllə ilə vurub öldürmüşlər. Sonra Seyfəddin Əlixanovun və digər şəxslərin evlərinə od vurub yandırmışlar. Ermənilərin Alpana olan hücumları və onların törətdikləri vəhşiliklərin izləri indi də Subaba ərazisindəki qəbir daşlarının üzərində qalmaqdadır. Onlar güllə ilə qəbir daşlarını deşmiş, Subaba türbəsini dağıtmışlar. Azərbaycan Xalq Cumhuriyyəti yarandıqdan sonra yerli bəylərin fəaliyyətindən narazı olan qüvvəllər hökümətə qarşı çıxmış və 1918-ci ilin oktyabr ayının 27-də alpanlı İbrahim Nağı oğlu başda olmaqla Qubada hökümət xəzinəsi talan edilmişdi. (Bax. M.Rüstəmbəyli. “Xalqın Səadəti uğrunda” Bakı.1971.səh.36) 1918-1920-ci illərdə Alpanda əhalinin iqtisadi vəziyyəti olduqca pisləşmiş və bu səbəbdən əhalinin bir qismi kəndi tərk edib başqa yerlərdə məskunlaşmışdır. Həmin dövrdə indiki Qusar rayonunun Həsənqələ kəndində bir qrup adam məskunlaşmış və orada ayrıca “Alpanlılar məhəlləsi” meydana gəlmişdir. Bəy nəslindən olanların bir qismi Bakı şəhərinə köçmüşlər. O cümlədən də Əlisultan bəyin və Beybala bəyin nəslindən olanlar Bakı şəhərinə köçmüş və hal hazırda da Bakı şəhərində yaşamaqda davam edirlər. 1920-ci ildə sovet höküməti yaradıldıqdan sonra Quba qəzasında bəylərin 200-dən çox mülkü müsadirə edilmişdir. Məhz bu zaman Alpan bəylərinin bir qrupu öz ailələri ilə birlikdə Muğana və Qazaxa sürgün edilmişlər. Bəziləri öz soyadlarını dəyişməklə Azərbaycanın başqa yerlərində yaşamışlar. 1930-cu ildə Alpanda kolxoz təşkil edilmiş, həmin kolxoz 1952-ci ilə kimi “1 may” adını daşımışdır. 1952-ci ildə bu kolxoz kürkün kənd “Sabir” kolxozu ilə birləşmiş və “Sabir” kolxozu adlanmışdır. Bu vaxt əvvəllər “Ərzumanov” adlanan Susay kolxozu “Zakfederasiya” adlanan Gərəy kolxozu ilə birləşmiş və “Zakfederasiya” kolxozu adlanmışdır. 1957-ci ildən sonra “Zakfederasiya” və “Sabir” adlanan kolxozlar birləşdirilmiş və vahid “Sabir” kolxozu yaradılmışdır. Kolxozun rəhbərliyi Alpan kəndində fəaliyyət göstərdiyindən Gərəy və Susay kəndlərinin inkişafına diqqət yetirilməmişdir. Alpan kəndində isə 1960-cı ildən etibarən idarə binası, mədəniyyət evi, orta məktəb binası inşa edilmişdir. 1964-cü ilin 1 oktyabrında Alpanda “Sabir” kolxozunun bazasında həmin adla sovxoz yaradılmışdır. 1964-1972-ci illərdə həmin sovxoza Bədrəddin Talıbov başçılıq etmişdir. Onun rəhbərliyi dövründə sovxozun baş aqronomu İsmayıl Ələsgərov 1000 hektardan artıq meyvə bağı salmışdır. Zabit BABAYEV. | |
|
Teswirleriň ählisi: 0 | |