03:04 Ölmüş eşşəyin məktubları / hekayə | |
ÖLMÜŞ EŞŞƏYİN MƏKTUBLARI
Satiriki hekaýalar
Sevimli eşşəkarısı! Bundan əvvəlki məktublarımda yazdığım kimi ölmüşdüm, amma ölməyimi heç cürə rəsmiləşdirə bilmirdim. Yer üzündə “rəsmən” yaşamaq da, “rəsmən” ölmək də çətindir. Xəstəxananın zirzəmisində mənim kimi bir neçə ölü vardı. Sağ tərəfimdə gənc bir kişi, sol tərəfimdə yaşlı bir qadın uzanmışdı. Gəncdən: — Siz nədən ölübsünüz? – deyə soruşdum. — Özümü öldürmüşəm. – dedi. — Necədir, özünü öldürmək asandımı? — Oho… Özünü öldürmək, intihar etmək qədimdən dəbdədir. İndi intihar etmək yaşamaqdan da çətindir. Mən əvvəlcə özümü dənizə atıb öldürmək qərarına gəlmişdim. Qoca İstanbulun Anadolu sahilini, Rumeli sahilini başdan-başa dolaşdım, sahildə özümü dənizə atmaq üçün bir parça da olsa boş yer tapa bilmədim. İstanbulun bütün dəniz sahilini zənginlər zəbt eləyiblər. Bu yerdə yaylalar, villalar, köşklər, qayıqxanalar, çimərliklər düzəldiblər. Fikirləşdim ki, bəlkə bunlardan biri icazə verər ki, onun sahəsindən özümü dənizə atım. “İnsanlıq naminə buradan özümü dənizə atmama müsaidə edərsinizmi?” deyə soruşdum. “Sən dəli olmusan, bu gözəlliyə tamaşa elə, heç insan da bu gözəllikdən əl çəkərmi? Özünü öldürərmi?” – deyə cavab verdilər. Xülasə aradım, axtardım, dəniz sahilində özümü atmaq üçün bir parça boş yer tapa bilmədim. — Çimərliyə gedəydin. — Axırda elə elədim. Amma çimərlikdə dəniz tapmaq mümkün deyil. “Əlvida ey gözəl dünya!” deyib özümü dənizə atdım. Gördüm ki qarnımın altında bir şey tərpəndi və “aman!!!” deyə qışqırdı. Gözümü açıb gördüm ki, su cəmdəklə doludur. İnsanlar bıçqıl balıq kimi sürü ilə doluşublar suya, heç tərpənməyə yer yoxdur. Özünü suya atanda ya birinin belinə, ya qarnının üstünə düşəcəksən. İndi bildinmi, çimərlik var, amma dənizdə boş yer yoxdur. — Qayığa minəydiniz. — Elə bilirsən minmədim. Qayıqların içində də tərpənmək olmur. Ağzınacan adamla dolu olur. Özünü dənizə atmaq üçün gərək qayığın burnuna gedəsən. Keçə bilsın, igidsən. Əgər birtəhər getmiş olsan da, özünü ata bilməzsən. Çünki əl-qol tərpətmək mümkün deyil. İşdir, şayət özünü atmağa imkan tapsan da, xeyri yoxdur. Ya əlin, ya da ayağın birinə ilişəcək. Burdan da yaxa qurtara bilsən, fərqi yoxdur, səni dənizdən çıxardacaqlar. Sözün qısası, dənizdə intihar etməyə imkan yoxdur. — Bəs nə elədiniz? — Qazla intihar etmək qərarına gəldim. Bütün dostlara, tanış-bilişlərə məktub yazdım. Yazdım ki: “Bizim futbol komandamız çempionluğu əldən verdikdən sonra dünyada yaşamaq mənə haram oldu. Son oyunda da uduzdular. Buna dözə bilmədiyimdən özümü öldürməyi qərara aldım. İnşallah, yaxınlarda görüşərik”. Məktubları yolladım. Qazın ağzını açdım. Yerə uzandım. Yarım saata qədər keçdi. Özümü yaxşı hiss etməyə başladım. Gördüm ki kefim açılır, xoşhallanıram. Nəşələnirəm. Sevinirəm. Bu nədir? Yoxsa insan öləndə də belə gümrahlaşıb sevinir? Əgər bilsəydim ki, ölmək bu qədər ləzzətli imiş, heç əziyyət çəkib yaşayardımmı? Belə fikirləşirdim ki, qapı döyüldü. Düşündüm ki, yəqin inkir-minkir mələklərdir, gəliblər: “Qapını açımmı, açmayımmı” deyə tərəddüd etdim. Ölmüş olduğumdan mən qapını aça bilməzdim. Onlar da mələk olduqlarından qapı-baca bilməz, elə lap divarı yarıb içəri keçə bilərdilər. Elə də oldu. Qapını zorla açıb zorla girdilər içəri. Bir də gördüm mənim məktub göndərdiyim adamların hamısı içəri doluşdu. — Demək, mənim ayrılığıma dözmədiniz, siz də özünüzü öldürdünüz və mənim yanıma gəldiniz Bax dostluq buna deyərəm. — Sən dəlimi olubsan? — Necə? Ölünün də dəlisi olur? — Nə ölü? Sən dipdirisən. — Yox, qardaşlar, mən ölmüşəm, özü də ölməyimdən çox razıyam. — Özünü nə ilə öldürdün? — Qazla. – deyər-deməz qəhqəhəyə başladılar. — A balam, qaz var ki, intihar edəsən? O borudan qaz yox, elə-belə adicə hava gəlir. Həm də tərtəmiz hava. Pulu olmayan xəstələr havalı yerlərə gedə bilmədiklərindən indi burunlarını qaz borularına tutub təmiz hava udurlar. İstanbulda təmiz hava qalmayıb. Maşallah sənin rəngin də düzəlib. Çünki zəhərli qaz əvəzinə təmiz hava udubsan. — Demək belə. Mən də deyirəm görəsən qaz udduqca niyə əhvalım yaxşılaşır, gümrahlaşıram. Özümü ölmüş hesab edirdim… Mən ona qulaq asdıqdan sonra dedim: — Yuxu dərmanları alıb içəydiniz. — Aldım. – dedi. – Siz qəzet-zad oxumursunuz? Qəzetlərdə hər gün yuxu həbləri içib özünü öldürən qızlardan yazırlar. Sonra qeyd edirlər ki, onları ölümdən qurtarıblar. Yalandır. Onları xilas edən-zad yoxdur. İndiki yuxu həblərini özümüzünkülər düzəldirlər. Onun birini içəndə bir həftə yuxun qaçır. Bax təzə həblər belə həblərdir. — Xarici həb alaydınız. — Hardan alım, tapılır ki? İndi xaricdən heç nə almırlar. İndi öz dərmanlarımızı içirik. Nə başını ağrıdım, zəhər içməyi qərara aldım. Hər gün ən təsirli zəhər içdim. Amma gündən-günə yaxşılaşdım. İnanılası deyil, mən zəhər içə-içə pəhləvana döndüm, əlimə keçən şeyi qoparıb qırmağa başladım. Axırda bir həkimə gedib hər şeyi olduğu kimi ona danışdım. O məni dinləyib: — Çox təbiidir, – dedi, – Siz istambullu deyilsinizmi? — Bəli, istanbulluyam. — Sizə zəhər düşür. Əgər siz zəhərsiz, təmiz havalı bir yerə getsəniz, dərhal boğularsınız. İstanbul küçələrində iy verən zibillərə, tozlu-dumanlı havaya alışıbsınız. Təkcə limanın zəhərli suyu kifayət edər, qardaşım, oradan qalxan zəhərli havanı udan adamda nə kişilik qalır, nə də arvadlıq. Sən istanbullu olduğun üçün bədənin zəhərə öyrəşib. Ölmək üçün zəhər içirsən, ancaq, maşallah, gündən-günə gümrahlaşırsan. — Bir ip alıb özünü asaydın, – dedim. — Elə bilirsən, sən deyən kimi eləmədim? Gedib bir yaxşı ip aldım. Özümü tavandan asar-asmaz ip qırıldı. İplər də çürükdür, qardaş. — Damarlarını ülgüclə kəsərdin. — Sultan Əziz də elə eləyib. Amma Sultan Əziz gəlsin, indiki ülgüclərlə damarını kəssin, görüm necə kəsir. Əzizim, indiki ülgüclər adamın saqqalını kəsmir, damar kəsərmi? Hamısı tənəkədi. — Hündür bir yerdən özünü atsaydın necə olardı. — Onu da elədim. Bir neçə uca binanın üstünə çıxdım. İndi İstanbulda torpağı satınalma var, bilmirsən? Mən üst qata çıxana qədər bir də görürdüm torpağı satın alıb alt qatı uçurdular. — Eləsə qardaş, de görüm, özünü necə öldürdün? — Hə, qulaq as, başa salım. İndi intiharın yeganə bir yolu var. Qohum-əqrabadan bir qız varsa, onu ərə verməyə çalış. İndiki kürəkənlər, əgər səbirlidirlərsə, evlənəndən sonra, əgər səbirsizdirlərsə evlənməzdən əvvəl qızın bütün qohum-əqrabasını vurub öldürürlər. Pis niyyətlə yox, məhəbbətlərinin çoxluğundan belə eləyirlər, yaxşılığın əvəzini vermək üçün. Bizim də uzaq qohumlardan birinin qızı vardı. Bir dəliqanlı oğlan qızla evlənmək istədi. Qızın ailəsi, qohum-əqrabası: — Aman Allah. indi biz nə edək? – deyə təlaşa düşdülər. — Qızı verək, canımız qurtarsın, – dedilər. Mən onlara: — Bu, kürəkəndir, qızı versəniz də, verməsəniz də hamınızı qıracaq. – dedim. — İstədiyindənmi? — Canım, istədi, istəmədi, nə fərqi var, buna kürəkən deyərlər. İstəyəni də bizi öldürəcək, istəməyəni də. Qızı verməsəniz, “niyə vermədiniz?” deyib öldürəcək, versəniz, “verdiniz, başımı bəlaya saldınız” deyib öldürəcək. Arvadı saxlaya bilmədimi, öldürəcək, pulu olub kişiliyi olmayanda da öldürəcək, bildinizmi, kürəkəndir bu, hamınızı qıracaq. Qızı verdilər. Kürəkən arvadını apardı. Bütün qohumlara baş çəkdi. — Bax sənin dediyin kimi olmadı, gül kimi dolanırlar. Bir-bir qohumlara baş çəkirlər. — O, qohumları öldürmək üçün seçir, ona görə baş çəkir. Özünüz bir azdan görəcəksiniz. Dediyim kimi də oldu. Kürəkən hamımızı öldürdü. Onun da canı qurtardı, bizim də. — Niyə öldürdü? — Bəlli deyil. “Bir dəfə bıçağı əlimə aldım, sonrasını bilmirəm” deyir. Amma taqsır qızdaydı. Mən ona tapşırmışdım ki: “Amandır, qızım, onun əlinə bıçaq vermə”. Kürəkənlərin əlinə bıçaq keçdimi, qurtardı, nə etdiklərini bilmirlər. Bizim səfeh qız yemək zamanı: “Sevgilim, bu çörəyi kəsərsənmi?” deyib. Kürəkən bıçağı alan kimi gözü qızıb, sonra nə elədiyini yadına sala bilmir. Beləliklə mən o dünyadan buraya gəldim. Sevimli qardaşım Eşşəkarısı, gələcək məktublarımda o birilərinin necə öldüklərini yazacağam. Məktubumu burda qurtarır və gözlərindən öpürəm. Tərcümə: İsmayıl ŞIXLI. | |
|
Teswirleriň ählisi: 0 | |