11:51 Midiýa döwri. Turanlylar we eýranlylar | |
Midiya dövrü: Turanlılar və İranlılar
Taryhy makalalar
Bu gün birbirinə həm zidd, həm də yaxın olan Hind-Avropa və Türk-Turan mədəniyyətlərinin qarşılaşmasının pik nöqtəsi Ön Asiyada milladan öncə 1-ci miniliyin ilk yarısında (m.ö. 10-6 əsrlər) Midiyada baş vermişdir. Ola bilsin ki, miladdan öncə 3-2 minilliklərdə də hər hansı kiçik çaplı mədəniyyət qarşıdurmaları olmuşdur. Ancaq iki mədəniyyətin ən böyük qarşıdurması Midiya dövründə gerçəkləşmişdir ki, onun izləri şüurlarmıza yarıəfsanəvi, yarıgerçək formada həkk olunaraq bu günə qədər gəlib çıxmışdır. Bir şey həqiqətdir ki, iki mədəniyyətin qarşıdurması turanlılarla iranlıların/arilərin şüuraltına çox ciddi təsir göstərmiş, bir çox hallarda turanlı və iranlı kimliyi birbirinə qarışmış, onları bəzən birbirindən ayırmağı zorlaşdırmışdır. Özəlliklə, hansı dövlətlərdə ki, Turanlılar və Arilər/İranlılar bir yerdə yaşamışılar, o zaman ortaq mədəniyyətə, ortaq keçmişə meyil güclü olmuşdur. Ancaq bu ikili mədəniyyət müharibəsindən uzaqda qalan Türklər/Turanlılar və Farslar/Hindlilər mədəniyyət mübadiləsindən öncəki inanclarını, törələrini daha çox qoruya bilmişlər. Bu anlamda təxminən 3 min ilə yaxın birbiriylə ya qonşu, ya da iç-içə yaşayan Turanlılarla İranlılar bir yerdə yaşadıqları əski dövlətlərə, əski dinlərə sahiblik məsələsində fikir ayrılıqlarının olması təbiidir. Şübhəsiz ki, belə dövlətlərdən biri, bəlkə də birincisi Midiya dövlətidir (m.ö.10-6-cı əsrlər). Midiya dövründə artıq Turanlılarla Arilərin bir arada yaşadğını görürük. Midiya da Turanlıların yoxsa, Arilərin hakimiyyətdə olması məsələsinə gəlincə, bizcə, burada əsas söz sahibi Turanlılar olmuşlar. Midiya dövründə Arilərin/İranlıların yalnız kiçik kralıqları olmuşdur. Belə Ari mənşəli kralıqlarda birinin başçısı Vitsşap/Gəştasb olmuşdur. Bu anlamda şübhə etmirik ki, əfsanələşdirilmiş Turan Midiyanın özüdür. Hər halda tarixə Midiya kimi düşmüş bu imperiyada Turanın izləri, damğaları kifayət qədərdir. Farsların/İranlıların Midiyaya “Turan” (Turların/Türklərin ölkəsi) adını verməsinin səbəbi iki amillə bağlı ola bilər: 1) Farsların/İranlıların “Turan” adlandırdığı Midiyanın əsas əhalisi olan Türklər hakimiyyətdə də söz sahibi idilər; 2) Yerli əhali özlərini Turuk, dövlətlərini Turukki adlandırırdı ki, buraya gəlmə olan Hind-Fars soylular da buna uyğun olaraq əski Midiyanı, ümumiyyətlə Türklər yaşayan əraziləri Turan, yəni Turanların/Türklərin ölkəsi adlandırmışdır. Turukkilərin ən əski vətəninin Böyük Azərbaycan olması düşüncəsindəyik. Hələ, Manna dövləti (m.ö. 9 əsr) qurulmamışdan öncə, 3-2 minilliklərdə Azərbaycan və ona yaxın ərazilərdə yaşayan yerli xalq kutilər, lullubilər, sular və turukkilər olmuşlar. Çox güman ki Türklər əskidən özlərini Tanrının evladları hesab etdikləri üçün həm Kut, həm də Turuk kimi yad edilmişlər. Əslində bizi bu qənaətə gəlməyə iki başlıca amil səbəb olmuşdur: 1) “Turan”ın “Ari/İran”dan daha qədimliyi; 2) “Avropa mərkəzçi”lərin “Ari/İran”ın buradakı mövcudluğunu əsaslandırarkən “Turan”ı gözardı edərək onun yerinə “Ural-Altay türk ailəsi” nəzəriyyəsini ortaya atmaları. Əslində “Turan”ın bu və ya digər mənada qədimliyini Avropa mərkəzçilər də etiraf edir, amma onu Arilərin aşağı budağı kimi dəyərləndirməklə yetinirlər. Belə olduğu təqdirdə, Avropa mərkəzçilər “Turan”a aid əski yerli tayfaları ya zorla Hind-Avropa nəzəriyyəsinə bağlamağa çalışır, bu da baş tutmadıqda onları naməlum tayfalar elan edirlər. Bu anlamda İ.M.Dyakonov, İ.Əliyev, S.Qaşqay, Q.Melikişvili, E.Qrantovski, V.Bartold, S.Qasımova, Ə.S.Sumbatzadə kimi Avropa-Sovet ideologiyasına (“Avropa mərkəzçi”liyə) xidmət edənlərin iddia etmələri ki, III-I minilliklərdə Ön Asiya, o cümlədən qədim Azərbaycan ərazisində yaşamış yerli tayfalar – kutilər, lullubilər, turukkilər, nikimixlər, uruatrilər, sular, kaşşu və digərləri dil, etnik-mədəni cəhətdən ya Qafqaz-hürri, Zaqroş-Elam dilləri qrupuna aiddirlər, ya da onlardan bəzilərinin etnik kökü bəlli deyildir, ən əsası onların “Ural-Altay türk ailəsi”nə heç bir dəxli yoxdur, bütün bunlar təsadüfi olmamışdır. Əslində burada “Türk-Turan” nəzəriyyəsini diqqətdən kənarda saxlamaq üçün “Ural-Altay türk ailəsi” teorisinin “Avropa mərkəzçilər” üçün nə dərəcədə əhəmiyyətli olması başa düşüləndir. Biz həmin yerli etnosların etnik kimliyinə “Ural-Altay türk ailəsi” deyil, “Türk-Turan ailəsi” nəzəriyyəsindən yanaşsaq, o zaman məsələ tamamilə dəyişir. Bizcə, Azırbaycan tarixşünaslığında ilk dəfə A.A.Bakıxanov “Gülüstani-İrəm” tarixi əsərində Azərbaycanın qədim əhalisinin etnik mənşəyini və dilini əsasən, “Türk-turan nəzəriyyəsi” üzərindən izah etmişdir. Mirzə Kazım bəy də Midiya dövlətini, onun xalqını, mədəniyyətini, o cümlədən zərdüştiliyi farsdilli tayfalardan uzaqlaşdıraraq Azərbaycan xalqı ilə əlaqələndirməyə çalışmışdır. Ona görə də, burada diqqət çəkən “Avropa mərkəzçilər”in mümkün qədər indiki Azərbaycan və onun ətrafında yaşamış qədim yerli xalqları (kutilər, lullubilər, sular, turukkilər, mannalılar və b.) Türk/Turan etnik kimliyindən uzaq tutmaq, bunu əsalandırmaq üçün də, “Ural-Altay türk ailəsi” teorisinə müraciət etmələridir. Çünki türklərin əski vətəni “Ural-Altay” elan edilib oradan dünyaya yayıldığı iddia olunursa, o zaman “Türk-Turan” nəzəriyyəsi diqqətdən kənarda qalır. Bütün bunlardan da çıxış edərək “Avropa mərkəzçilər” iddia edirlər ki, Ön Asiyada, o cümlədən Azərbaycanda, İranda və digər qonşu ərazilərdə əvvəlcə Arilər, yalnız onlardan 3 min il sonra türklər məskunlaşmışlar. Bu anlamda onlar e.ə. II miniliyin sonu, I minilliyin əvvəllərində və sonrakı yüzilliklərdə Cənubi Rusiya çöllərindən qədim Azərbaycan ərazisinə və ona yaxın bölgələrə axın edən etnik qrupları isə irandilli, yəni farsdilli hesab edirlər. Onların fikrincə, irandilli tayfalar olan midiyalılar, parslar, əfqanlar və başqaları bir çox cəhətlərinə - atdan, süvari qoşunun döyüş arabalarından istifadəyə görə, yerli əhali üzərində üstünlük qazanmış və onların geniş yayılmasına şərait yaranmışdı; bu da həmin ərazinin etnik xəritəsinin dəyişməsinə səbəb olmuşdu. Bununla da çox keçmədən Azərbaycanın avtoxton əhalisi – kutilər, lullubilər, hürrilər, kaşşular və başqaları irandilli tayfaların həm etnik, həm də dil baxımından assimilyasiyasına, iranlılaşamağa məruz qalmışlar; “həmin dövrdə təşəkkül tapmaqda olan irandilli xalqlar əsasən assimilyasiyaya uğramış avtoxton əhalinin nəsillərindən ibarət idi». “Avropa mərkəzçilər”cə yerli əhalinin iranlılaşmasında madaylar/midiyalılar, parslar kimi e.ə. VIII-VII əsrlərdə Ön Asiyaya, o cümlədən Azərbaycana axın edən irandilli kimmerilər, iskitlər və saklar da mühüm rol oynamışlar. Bununla da, “Avropa mərkəzçilər” 20-ci əsrdə, özəlliklə həmin əsrin ortalarından başlayaraq “dünya tarixşünaslığı”nda belə bir fikri elmi fikir olaraq ortaya atdılar ki, Ön Asiyanın və Kiçik Asiyanın əski xalqlarının etnik mənşəyi əsasən naməlumdur, ya da Hind-Avropa mənşəlidir, ancaq buraya ilk dəfə köç edən tayfalar isə birmənalı şəkildə irandilli tayfalar (midiyalılar, parslar, əfqanlar, kimmerilər, iskitlər vəb.) olmuşlar. Həmin dövrdə, yəni İrandilli tayfaların Midiyada, İranda olduğu dönəmdə bu ərazilərdə, turandilli, ya da türkdilli tayfaların izi-tozu belə olmamışdır. Bunun nəticəsi olaraq SSRİ tarixşünaslığına xidmət edən 1960-ci illərdə nəşr olunan “Azərbaycan tarixi”, 1970-ci illərdə yayımlanan Azərbaycan Sovet Ensiklopediyasında (ASE), olduğu kimi, müqstəqillik dönəmində 7 cildlik “Azərbaycan tarixi”ndə yazılır ki, türk dillərindən birində danışan Güney və Quzey Azərbaycan xalqının soykökündə Qafqaz-Hurri mənşəli kutilər, lullubilər, mannalılar, albanlar eləcə də irandilli midiyalılar, ya da midiyalılardan törəmə, irandilli azəri dilində danışan atropatenalılar dayanır. Bizcə, “Avropa mərkəzçilər”in Midiyanı və Atropatenanı Turandan ayrı tutaraq onları “Hind-Avropa” nəzəriyyəsi əsasında «İrandilli» xalqlar kimi qələmə vermələri, bu anlamda yalnız İranı xalqını deyil, Güney və Quzey Azərbaycan xalqını da Hind-Avropa mədəniyyətinə sırımaları təsadüfi olmamışdır. Çünki “Turan”ın mahiyyəti Azərbaycanla bağlıdır; Azərbaycanın Turanın əski bir yurdu kimi təsdiqi onu yalnlz coğrafi İrandan deyil, eyni zamanda Hind-Avropa mədəniyyətindən də fərqliliyini ortaya qoyur. Bu anlamda “Avropa mərkəzçilər”in Azərbaycan xalqını əski “Atropatena-Mada”nın davamı kimi irandilli, ya da Albaniyanın xələfi kimi Qafqazdilli elan edərək onun mədəniyyətini Hind-Avropa mədəniyyətinə calamalarının arxasında bacardıqca onu “Türk-Turan” mədəniyyətindən uzaq tutmaq dayanır. Çox yazıqlar olsun ki, müstəqillik dönəmində “Avropa mərkəzçilər” bu çirkin niyyətlərini 7 cildlik «Azərbaycan tarixi» adlı fundamental, akademik əsərdə, eləcə də ayrı-ayrı monoqrafiyalarda davam etdirilmişdir. 7 cildlik «Azərbaycan tarixi»ndə Azərbaycan xalqını «irandilli» xalqlarla, Azərbaycan mədəniyyətini Hind-Avropa mədəniyyətiylə bağlamasını “Avropa mərkəzçi” İqrar Əliyev belə “əsas”landırır: «Hazırda türk dillərindən birində danışan azərbaycanlılar madalılar vasitəsilə Hind-İran, daha geniş miqyasda isə Hind-Avropa aləminə bağlanır, iranlılarla, hindlilərlə, germanlarla, slavyanlarla və başqa xalqlarla qohumluğa yetirlər. Azərbaycanlılar məhz madalılar vasitəsilə İran mədəniyyətinin də varislərinə çevrilir, irandilli xalqlarla birgə bu zəngin aləmə, eposa, Avestaya, zərdüştilik təliminə və bir çox digər tarixi-mədəni dəyərlərə sahiblik hüququ qazanırlar». Eyni müddəanı Fəridə Məmmədova «Azərbaycan xalqı (Azərbaycanlılar) üç qüdrətli, təməl təşkil edən milli-mədəni laylardan – Qafqaz dilli (albanlardan), farsdilli (midiyalılar, kürdlər, tatlar, talışlardan) və türkdilli laylardan formalaşıb», anlamında müdafiə etmişdir. Deməli, İ.Dyakonov, Q.Melikişvili, S.Kəsrəvi, İ.Əliyev, S.Qaşqay, F.Məmmədova, Ə.Sumbatzadə və başqaları Azərbaycan xalqının etnogenezi və dilini, onun formalaşmasını bir mənalı şəkildə «Avropa mərkəzçi» konsepsiyası əsasında şərh etmişlər. Cənubi Azərbaycan ərazisində mövcud olmuş Atropatena dövlətinin əhalisi «Atropatena-Mada xalqı», dili isə orta mada dili-azəri dili kimi qeyd edildiyi halda, Albaniya əhalisi isə qafqazdilli tayfalar kimi, dilləri isə qafqazdilli alban dili kimi göstərilmişdir. Buradan da onlar belə nəticəyə gəlmişlər ki, çağdaş azərbaycanlıların etnik mənsubiyyəti irandilli «Atropatena-Mada xalqı» və qafqazdilli albanlar, o cümlədən udinlər, qarqarlar olmuş, onlar (midiyalılar və albanlar) orta əsrlərdə türklərin bu ərazilərə köç etməsi ilə türkləşməyə məruz qalmış və hazırda da türk dillərindən birində danışırlar. Burada açıq-aşkar Azərbaycan xalqının ulu əcdadı sayılan albanları/aranları Qafqazdilli, madalıları/midiyalıları isə irandilli/farsdilli elan etməklə onu Hind-Avropa mədəniyyəti çərçivəsində İrana, İran mədəniyyətinə, zərdüştliyə bağlamaq siyasəti vardır. Əslində “Avropa mərkəzçilər”in inadla “Hind-Avropa” mədəniyyətini qədimləşdirmə, bu zaman “Turan” mədəniyyətini ya saxtalaşdırma, ya da diqqətdən kənarda saxlamaları istəkləri belə, Turanın nə dərəcədə gerçəkçi olmasından xəbər verir. Bizcə, bu bir növ Allahın yoxluğunu isbata çalışan ateistlərin gətirdikləri dəllilərlə, dolayısıyla Onu təsdiq etmələrinə bənzəyir. Bu anlamda “Avropa mərkəzcilərin” heç bir əsas olmadan Ariləri qədimləşdirərkən Turanı görməzdən gəlmələri, bu yetməmiş kimi Midiya dönəmindəki Turanlıları Arilərin ağaşı budağı elan etmələri, daha sonra Turana yalnız orta əsrlərdə Türklərin sahib çıxmalarını ifadə etmələri və əski turanlıların orta əsrlərdə onların torpaqlarına gətirilmiş Türk dilini qəbul edərək türkdilli xalqlara çevrilmələri cəfənigiyyatdan başqa bir şey deyildir. “Avropa mərkəzcilərin”in məntiqindən çıxış etsək, orta əsrlərdə Türklərin hakimiyyət sürdüyü min illik dövrdə yalnız Arilərin ağaşı budağı olan köçəri Turanlılar deyil, oturaq həyat sürən Arilərdə Türk dilini qəbul edib türkləşməliydilər. Eyni zamanda, çox maraqlıdır necə oldu ki, «irandilli» tayfalar hesab olunan madalılar, saklar, iskitlər türklərdən çox öncə – e.ə. X-VII əsrlərdə Albaniyaya-Atropatenaya axın etmələrinə baxmayaraq, yerli əhalinin dilini dəyişə bilmədilər, ancaq eramızın III-IV əsrlərində bu bölgəyə gələn türklər bunu bacardılar. Deməli, həqiqət odur ki, Azərbaycanın qədim yerli tayfaları (lullubilər, kutilər, turukkilər, sular, mannalılar və b.), eləcə də sonralar bu əraziyə köç etmiş madalılar, iskitlər, saklar, kimmerilərin əksəriyyəti türkdilli tayfalar olmuşlar. Digər tərəfdən, Avropa mərkəzçilərin təbrincə desək, əgər doğrudan da Turanlılar Arilərin aşağı budağı olub, yalnız onların dili türkləşibsə o zaman, turanlılar mədəniyyət, adət-ənənə baxımından da 3 min il əvvəl olduğu kimi, bu gün də irandillilərdən kəskin şəkildə fərqlənməzdilər. Bu anlamda Turan mədəniyyətinin beşiyi olan Azərbaycan mədəniyyətinin Hind-Avropa mədəniyyətinə heç bir aidiyyəti yoxdur. Sadəcə, Azərbaycan mədəniyyəti Turanlılarla Arilərin/İranlıların ən çox mübarizə apardığı bir məkan olduğu üçün, buraya istər-istəməz Arilərin mədəniyyət, din və fəlsəfə təsirləri bir qədər çox olmuşdur. Doç.Dr. Faiq ƏLƏKBƏROV. | |
|
Teswirleriň ählisi: 0 | |