01:22 Rənglərin psixologiyası haqqında | |
Rənglərin simvolikası çox qədim tarixə malikdir. Ta qədim zamanlardan insanlar “rənglərin dilini” oxumağa xüsusi əhəmiyyət verirdilər. Bu isə miflərdə, xalq dastanlarında, nağıllarda, müxtəlif dini və mistik təlimlərdə öz əksini tapırdı. Astrologiyada spektrin 7 rəngini yaradan Günəş şüaları 7 əsas planetə uyğun gəlirdi: qırmızı – Marsın, göy – Veneranın, sarı – Merkurinin, yaşıl – Saturnun, purpur – Yupiterin, narıncı – Günəşin, bənövşəyi – Ayın rəngidir. Qədim dövrdə rənglər təkcə planetləri və onların təsirini deyil, həm də insanların sosial vəziyyətini, müxtəlif psixoloji vəziyyətlərini də simvolizə edirdi. Bu, müəyyən rəngdə olan geyimlərin seçilməsində, xalq deyimlərində, ayinlərdə və s. özünü göstərməyə başladı. Müxtəlif xalqlarda günümüzədək gəlib çatan rənglərin müəyyən simvolikası formalaşdı.
Psihologiýa
Ta qədimdən insanlar qırmızı rəngə xüsusi maraq göstərirdilər. Bir çox dillərdə eyni bir söz həm qırmızı rəng, həm də gözəl mənasını verir. Ümumiyyətlə, gözəl olan hər şeyə qırmızı demək adəti formalaşıb. Məsələn, polineziyalılarda “qırmızı” sözü “sevgili” sözünün sinonimidir. Çində isə səmimi bir insan haqqında “qırmızı ürək” ifadəsi işlənir; əksinə, hiyləgər insanın qəlbi isə qara hesab edilir. Qırmızı rəng, hər şeydən əvvəl, qan və odla assosiasiya olunur. Onun simvolik mənaları o qədər çoxdur ki, bəzən bu mənalar bir-birinə zidd olur. Qırmızı sevinc, gözəllik, sevgi və həyat eşqinin simvolizə edir, digər tərəfdən isə ədavət, qisas, müharibə bildirir. Qırmızı rəng ta qədimdən aqressivlik və seksual istəklərlə əlaqələndirilir. Qırmızı rəng əsas savaş rəngidir. Bayraqda qırmızı rəng qiyam, inqilab, savaş, mübarizəni simvolizə edir. Məsələn, Afrika, Amerika və Avstraliyanın bir çox qəbilələri döyüşə hazırlaşarkən bədənlərini və üzlərini qırmızı rənglə boyayardılar. Karfagenlilər və spartalılar müharibə vaxtı qırmızı geyim geyinərdilər. Qədim Çində isə üsyançılar özlərini “qırmızı döyüşçülər”, “qırmızı ləpirlilər”, “qırmızı qaşlılar” adlandırırdılar. Qırmızı rəng həm də hakimiyyət, möhtəşəmlik bildirir. Bizans imperiyasında yalnız imperator və ya imperatriçənin qırmızı çəkmə geyinmək hüququ var idi. İmperator purpur (qırmızı-bənövşəyi) rəngli mürəkkəblə imza atardı, purpur rəngli taxtda əyləşərdi. Əksər xalqlarda qırmızı rəng od-alov, məşəl və istilik rəmzi idi. Ağ rəng təmizliyi, məsumluğu, xeyiri, sevinci simvolizə edir. Bu rəng gün işığı ilə, eləcə də süd və yumurtada təcəssüm olunan törədici qüvvə ilə assosiasiya olunur. Aşkar, məlum, qanuni, həqiqi olan hər şey haqqında təsəvvürlər ağlıqla əlaqələndirilir. Qədim Romada Vesta bakirələri ağ don geyinər və ağ örpək örtərdilər. Antik dövrdə ağ rəng həm də dünyəvi olan hər şeydən imtina etmək, mənəvi rahatlığa can atmaq mənasına da malik idi. Xristian ənənələrinə görə, ağ rəng ilahi işıqla birlik, bərabərlik, qohumluq bildirir. Mələklər və müqəddəslər ağ rənglə təsvir edilir. Bəzi xalqlarda isə ağ rəngli geyimi yalnız hökmdarlar və kahinlər geyinərdilər. Bu isə möhtəşəmlik və alilik simvolu idi. Ağ rəng əks mənalara da malik ola bilər. Öz təbiətinə görə, ağ rəng bütün digər rəngləri “udmaq”, neytrallaşdırmaq qabiliyyətinə malikdir və boşluq, səssizlik, dolayısı ilə -ölümlə əlaqələndirilir. Slavyan xalqları ölənləri ağ kəfənə bürüyərdilər. Bəzi Afrika və Avstraliya qəbilələri yaxınlarının ölümündən sonra bədənlərini ağ boya ilə rəngləyirlər. Yəni, bu qəbilələrdə ağ rəng matəm rəngidir. Qədim zamanlarda slavyan xalqlarında da ağ rəng matəm rəmzi idi. Qara rəng, bir qayda olaraq, bədbəxtlik, kədər, matəm və ölümü simvolizə edir. Məsələn, qədim Meksikada insanın qurban verilməsi ayini zamanı kahinlərin üzləri və əlləri qara rəngə boyanardı. Qara gözlər isə təhlükəli, pis niyyətli hesab edilirdi. Ölümün gəlişini təcəssüm etdirən bütün personajlar qara rənglə təsvir edilir. Qara rəng cəzbedicilik rəmzi hesab edilir. Bəzi Afrika qəbilələrində dərisinin rəngi həddindən artıq qara olan qadınlar yaxşı həyat yoldaşı kimi deyil, yaxşı məşuqə kimi qəbul edilir və qiymətləndirilir. Qara rəng isə sirli, əsrarəngiz, ehtirasla arzu olunan bir şeyi simvolizə edir. Ərəblərdə isə “qara gözlər” ifadəsi sevgili, “qara ürək” ifadəsi isə sevgi mənasını verir. Beləliklə, qara həm pis, həm də yaxşı mənalara malik ola bilər. Ölkəmizdə də qara rəng matəm rəmzi hesab edilir. Sosial sorğuların nəticələrinə görə, azərbaycanlılar daha çox qara rəngdə geyinməyə üstünlük verirlər. Ekspertlər bunu Azərbaycan xalqının müharibə dövründə əziyyət çəkməsilə, bu səbəbdən də tünd rənglərə daha çox üstünlük verməsi ilə izah edirlər. Sarı rəng qızıl rəngidir, qədimdə isə qızılın rəngi isə Günəşin donmuş halının rəngi olaraq qəbul edilirdi. Bu, payızın, qurumuş otların, solan yarpaqların rəngidir. Sarı həm də xəstəlik, ölüm, o biri dünyanın rəngi olaraq qəbul edilir. Bir çox xalqlarda qadınlar sarı rəngdə geyimə üstünlük verərdilər. Çox vaxt sarı rəng zadəgan nəsil nümayəndələrinin fərqləndirici nişanı idi. Məsələn, monqol din xadimləri – lamalar qırmızı kəmərlə sarı geyim geyinirlər. Bəzi Asiya xalqlarında isə sarı rəng matəm, kədər, qəm rəngi hesab edilir. Avropada sarı və ya sarı-qara rəngli bayraq karantin, sarı xaç isə vəba xəstəliyini bildirirdi. Slavyan xalqlarında sarı rəng qısqanclıq, xəyanət rəngi hesab edilir, Tibetdə isə qısqanclığı “sarı göz” adlandırırlar. “Sarı mətbuat” və “sarı ev” ifadələrini də misal gətirmək olar. Göy rəng bir çox xalqlarda səma və sonsuzluq simvolizə edir. Bu rəng həm də mərhəmət, sədaqət, daimilik rəmzidir. “Mavi (açıq göy) qan” əsilzadəlikdən xəbər verir, ingilislər isə əsl protestantı “göy” adlandırırlar. Bundan başqa, göy rəng qara rəngə yaxın olduğu üçün, onun simvolik mənalarına da malikdir. Qədim Misirdə və bəzi Cənubi Afrika xalqlarında göy rəng matəm rəngi hesab edilirdi. Fransızlar dəhşəti “göy qorxu” adlandırırlar. Slavyan xalqlarında isə göy kədər, qəm mənasını verirdi. Bu xalqların nağıl və dastanlarında qara və göy cinlərdən bəhs edilir. Yaşıl ot və yarpağın rəngidir. Bir çox xalqlarda yaşıl rəng gəncliyi, ümidi, şən əhval-ruhiyəni, bəzəm isə tərcübəsizliyi simvolizə edir. Yaşıl rəng sakitləşdirici təsir bağışlayır, amma əks məna da verə bilər. Məsələn, bir çox dillərdə “hirsindən yaşıl olmaq” ifadəsi mövcuddur. İranlılarda yaşıl rəng inkişaf, artım, təravət, tazəlik bildirir; bu rəng eyni zamanda bədbəxtlik, kədər, qəmlə assosiasiya olunur, buna görə də pis insan haqqında “yaşıl ayaqlı”, qəbiristanlıq haqqında isə “yaşıl ev” kimi ifadələr işlədirlər. Orta əsrlərdə Avropada təlxəklər yaşıl-sarı geyim geyinərdilər, Almaniyada müflis olanlar isə yaşıl papaq taxmalı idilər. Rənglərin qədim simvolikası və onların müxtəlif mədəniyyətlərdə təfsiri rənglə insanın emosional vəziyyəti arasındakı qarşılıqlı əlaqə nəzəriyyələrində də öz təsdiqini tapır. M. Lyuşer, İ. Göte və digər psixoloqlar rənglərin insanın psixoloji vəziyyətlərinə uyğunluğunu tədqiq ediblər. Bu gün rənglərin simvolikasından reklam biznesində geniş istifadə olunur. Psixoloqlar müəyyən ediblər ki, göy, qızılı, ağ, qara və qırmızı rənglərdən hər hansı məhsulu elit təbəqəyə layiq kimi göstərmək məqsədilə istifadə etmək olar, çünki bu rənglər ta qədim zamanlardan elit təbəqəni simvolizə edən “bahalı” rənglər hesab edilirlər. Həqiqətən də, bahalı məhsullarda göy və ya qara rəngin qızılı rənglə sintezindən geniş istifadə olunur. Qara rəng loqotipi (məsələn, qızılı rənglə yazılmış loqotipi) və ya məhsulun öz təsvirini daha effektiv şəkildə önə çıxarmağa imkan verir. Bunu alıcının diqqətini paketə deyil, məhsulun özünə yönəltmək, onun əhəmiyyətini vurğulamaq üçün edirlər. Bu yanaşmadan bahalı ətir və odekolonların istehsalı zamanı da geniş istifadə edilir. Reklam biznesində qırmızı və sarı rəngin birləşməsi isə sevinc, dostluq, səmimilik ifadə edir. Təsadüfi deyil ki, “McDonald`s” restoranlar şəbəkəsi və “Lipton” çayları məhz bu iki rəngin birləşməsindən istifadə edir. Reklam biznesində yaşıl və mavi rənglər isə “yaz səhəri” rəngləri hesab edilir və onlardan məhsulun təzəliyini göstərmək üçün istifadə edirlər. Alıcıda mənfi emosiyalar yaratdığı üçün bir-biri ilə istifadəsi qəti şəkildə qadağan olunan rənglər də var. Məsələn, bənövşəyi və narıncı rənglərin birlikdə istifadəsi alıcıda çarəsizlik, intihara meylilik oyada bilər. Qara fonda ağ rənglə yazılmış yazı da eyni təsirə malikdir. | |
|
Teswirleriň ählisi: 2 | |||
| |||