10:07 Golan türkmenlerinde durmuş toýy | |
COLAN TÜRKMANLARINDA EVLƏNMƏ
Taryhy makalalar
İnsan həyatının ən önəmli hadisələrindən biri ailə qurmaqdır. Buna görə də, ailə qurarkən tələsikliyə yol verməmək, baş verə biləcək bir sıra uğursuzluqdan qorunmaq üçün evliliklə bağlı mərasimlər təhsis edilmişdir. Bu mərasimlər bir neçə mərhələyə bölünür. Həmin mərhələlərdə oğlanın qızı, qızın da oğlanı yaxından tanımasıyla yanaşı, ailələrin də bir- birini tanımasına şərait yaradır. ■ TANIŞMA (Tanışlıq) Həyat şəraiti də elədir ki, Colanda yaşayan Türkman ailələrinin çoxu yaxından, ya da uzaqdan birbirlərini tanırlar. Buna görə də, oğlan və qızlar evlənmə yaşına çatanadək bir-birləri ilə ailə münasibətlərinə və ya iş şəraitinə görə görüşüb söhbət edirlər. Ailələri arasında qohumluq, dostluq münasibəti olmadıqda isə oğlanlar yetginlik yaşına çatmiş qızları bulaq başında, tarla, xırman, bağ-bağça işlərində çalışarkən görür və bəzən də söhbət etməyə imkan tapırlar. Evlənmək istəyən oğlan istəyini öncə evdəkilərə, yaxud yaxın qohumlardan birisinə, dostlarına, sirdaşlarına bildirər. Oğlan yaşı çatdıqda, evlənməsi üçün münasib şərait olduqda utancaqlığından və ya tərəddüd etdiyindən evlənməyə təşəbbüs göstərməyəndə onu evdəkilər, qohumları, dostları “dilə tutur”, evlənməyə həvəsləndirirlər. Evlənmək istəyən oğlan qızı ya özü, ya da valideyinləri, qohumları, dostları seçir. Oğlanın istədiyi qız kənardan, qonşu kəndlərdən olanda onların ailəsi haqqında müxtəlif yollarla bilgi toplanır. Bəzən də ailələr bir-birini tanıyanda və yaxut qonşu kəndlərdəki münasib bir ailənin yetginlik yaşına çatmış qızı olduğunu bildikdə oğlanı bir bəhanə ilə qızı görməyə göndərirlər. Bu işə oğlanın qohumları, dostları, tanışları kimi qızın qohumları, rəsiqələri də yardımçı olurlar. Seçilmiş qız oğlan tərəfindən bəyənildikdən, oğlanın valideyinləri də bu işə razılıq verdikdən sonra qız tərəfin fikrini öyrənmək planlaşdırılır. ■ AĞIZ ARAMA Oğlan tərəfi alacaqları qızı müəyyənləşdirdikdən sonra oğlanın anası bir bəhanə ilə qız evinə gedər. Qızın anası ilə söhbət edər. Qızlarını almaq istədiyini bildirər. Qız anası məsləhət üçün vaxt istər. Son sözü, yəni qızını verib, verməyəcəyini ata söyləməli olsa da, ana öncədən qızının da ağızını arayar. Onu ərə vermək istədikləri oğlanın kim olduğunu, hansı nəsildən, kimlərdən olduğunu qızına bildirər. Qız tərəfi də oğlan və onun ailəsi haqqında bilgi toplayar. Oğlanın işləyib-işləməməsi, ailəsinin maddi durumu, mənzil şəraiti, gəlin üçün hansı qiymətdə qızıl bəzək əşyaları ala biləcəyini öyrənərlər. Colan Türkmanlarında oğlanların çoxu 25-30 yaşlarında evlənər. Bəzən işini vaxtında qaydaya sala bilməyə, tələb olanunan toy xərclərini və bəzək əşyalarını ala bilməyən oğlanların evlənməsi 40 yaşınadək uzana bilir. Qızlarda isə bu məhdudiyyət, əngəllər yoxdur. 18 yaşına çatmış qızları münasib namizəd olan kimi ərə verirlər. Çox az hallarda qızların 18 yaşından kiçik olduğu vaxt ərə verildiyi də müşahidə edilir. Oğlan anasının fikri qız evində müzakirə edilir. Razılığa gəlindikdə oğlan anası qızın anası ilə bir daha xəbərləşər. Qız tərəfin razılığı alındıqdan sonra oğlan tərəfin adamlarının elçi gələcəyi günü müəyyənləşdirərlər. ■ ELÇİLİK (GƏLİN İSTƏMƏK) Colan Türkmanlarında elçiliyə gəlin istəmək deyilir. Qızın ailəsi öz yaxın qohumlarına bildirər ki, gəlin istəmək üçün gələcəklər. Qız tərəfdən bir neçə yaşlı və mötəbər ağsaqqal qız evinə toplaşaraq oğlan evindən gələcək qonaqları gözləyər. Oğlan evindən də bir neçə yaşlı və mötəbər ağsaqqal qızı istəməyə gedər. İki tərəf bir araya gəlincə, qızın atası qonaqlara: “Xoş gəldiniz” deyərək oturacaqları yeri göstərər. Oğlan tərəfi əyləşdikdən sonra söhbətə: “biz sənin yanına gəldik Allahu-tala’nın izni péxambər əfəndimizin kavliylə falan ğızını bizim falan oğlumuza istiyərik nə dérsin?” deyərək oğlanın atası söhbəti açmış olur. Qızın atası tam olaraq könlü olsa da, oturanlara: “kərəminizdən ğızdan sorlaşım da sizlərə cavabı vérrim” cavabını verər. Sonra da durub qızın fikrini öyrənmək üçün qonşu otağa keçər və qızına deyər: falan adam falan oğluna səni istəməyə gəlmiş… nə dérsin, ğızım? Qız da atasına: “Vallah ya buba sən bilirsin. Sən nə dérsən bən dédigin kimiyim” cavabını verər. Bu da qızın razılığı sayılar. Ata qonaqlar əyəşən otağa dönərək: “Allah vérmişsə, bən də vérdim” deyirsə, bu, razılıq sayılır. Orda oturanlardan birisi: “Əl-fatiha” deməklə Əl-fatiha surəsini oxuyarlar. Bundan sonra başlığı “ğalın”ı müəyyənləşdirmək üçün oğlanın atası: “nağadar ğalın istiyərsiniz?” deyə qızın atasından soruşar. Qızın atası da: “bu ğadar… bu ğadar” deyə bir məbləğ söylər. Oğlanın atası “falandan ötrü bunça éndirin” deyər. Qızın atası razilaşarsa, “tamam bélə olsun” deyər. Oğlanın atası “falan için bunça da kəsin”, qızın atası “tamam bu ğadar oldu” deyər. Razılaşmazsa, orta məxrəcə gələnədək müzakirə edərlər. Beləcə başlıq (ğalın) büyük rəqəmlərdən cüzi bir rəqəmə enər. Təkrar Fatihə oxuduqdan sonra toyun nə zaman olacağını müəyyənləşdirərlər. Bu munasibətlə bəy tərəfındən quzu və qoçlar kəsilir, yemək hazırlanır, zılğıtların səsləriylə dəvətlilərə qonaqlıq verilir. Dərhal qızın qadın qohumları və rəfiqələri zılğıt çalaraq bir şənlik başlayarlar. Oğlanın dostları və yoldaşları içərdən oğlanı alaraq bayırda halay vurar, oynayar, şənlənərlər. ■ TOYA HAZIRLIQ Nişandan toyadək olan arada bayramlar düşərsə, oğlan evi qız evinə hədiyyələr göndərir. Toydan bir neçə gün öncə (7 – 5 gün arası) bütün Türkman kəndlərinə dəvətçilər göndərilir və filankəsin oğluna filankəsin qızın alacaqlarını, toy gününü bildirirlər. Toy olacaq evi bildirmək üçün bəyin (güvegi) evinin üstünə Allah, Muhamməd deyərək bəzəkli ağ bayraq, gəlinin yaşadığı evin üstünə isə qırmızı bayraq taxırlar. ■ XINA GECƏSİ Toyun öncəsi gecə xına /ğına/ gecəsidir. Gəlinin qohumları, rəfiqələri qız evinə toplaşaraq mahnı oxuyur, yeyir-içir, şənlik edir, məclisdə xına gəzdirir, əllərinə, ayaqlarına, bədənlərinin bəzi yerlərinə, qollarına, boyunlarına, çiyinlərinə xına yaxırlar. ■ GƏLİN GƏTİRMƏ Colan Türkmanları toyları adətən cümə günləri edərmişlər. Dünyanın bir çox ölkəsində olduğu kimi, Türkmanlarda da toy çox şən və dəbdəbəli keçirilir. Qız evində təşkil edilən ziyafətə gəlinin bütün rəfiqələr və qohum-əqrabalar yığışır. Bəy evinə isə oğlan tərəfi toplanır. Toy məclisi müxtəlif mahnı və rəqslərlə müşaiyət olunur. Türkmanlar toya nəinki qohumlarını və yaxın dostlarını, həmçinin qonşu və bir çox tanışları dəvət edirlər. Əcnəbilərin toyda iştrakı yüksək qiymətləndirilir. Sabah erkəndən bəy evində dəvətlilərin qarşılamasına başlanarmış. Sonra da gəlini gətirməyə gedən karvan qız evinə doğru yola düşərmiş. Oğlan evi qız evinə ən az bir qoç apararmış. Keçmişdə gəlini bəyin evinə gətirmək üçün üç dəvədən bir karvan hazırlanarmış. Hər dəvəyə iki qadın oturdularmış. Birinci dəvənin üstündəki kecavəyə bayraq taxarlarmış. Karvanı atlılar qoruyar və piyadalar da onların arxasınca gedərmiş. Süvarilər atlarını oynada-oynada, çapa-çapa, mahnı oxuya-oxuya bəy evindən qız evinə gedərmiş. Cümə namazından sonra gəlini qız evindən çıxarıb oğlan evinə apararlarmış. İndi dəvə karvanını maşın karvanı əvəz edib. Bu məqsədlə toy maşını dəbdəbəli şəkildə güllərlə bəzədilir. Gəlin və bəy əyləşən maşını başqa maşınlar müşahidə edir. Onlar müxtəlif səs siqnalları verə-verə şəhəri dolanıb bəy evinə gəlirlər. Maraqlısı budur ki, gənclər arasında çox dəbdə olan, müasir mahnılar toylarda ənənəvi musiqini sıxışdırıb çıxara bilməyib. ■ TOY Gəlini gətirən maşın karvanı bəy evinə çatdıqda qoyunlar kəsilir. Toy sahibinin imkanına, çağırdığı adamların sayına görə bəzən 30 – 40 baş qoyun kəsilir. Dügün aşı deyilən üzəri ətlə örtülmüş yağlı pilov, buğda yarmasından ətli, kərə yağlı xörək (Bizim çobanaşı dediyimiz ətli xörək – Ə.Ş.), qatıq şorbası (Bizim dovğanı əvəz edən – Ə.Ş.) hazırlanır. Xörəklər hazırlananadək gəlin bəyə yaxın olan qonşu və qohumların birinin evinə aparılır ki, burada dincəlsin. Kəndin qızlarının bir qrupu yemək süfrəsinin hazırlanmasına kömək edirsə, bir qrupu da gəlinin qulluğunda durur. Toya gələn qonaqlar adətən xırda bir suvenir və gül dəstəsi ilə gəlirlər. Xörəklər hazır olandan sonra yemək süfrəsi açılır və qonaqlar yeyib-içməyə başlayır. Yeməkdən sonra çal-çağır, musiqi davam etdirilir, gecəyədək şənlik olur. Kəndlilərin, toya gələnlərin olduğu yerdən aralıda gəlin üçün qamıştan damsız bir otaq düzəldirlərmiş. Bu otağa ğaçak deyilirmiş. Gəlin gəldikdən sonra yeddi gün gecələr ğaçakda qalar, gündüz isə gərdəkli gəlin otağında olarmış. Yeddi gündən sonra gəlinə duvaqqapma-gəlingörüşü-üzəçıxdı mərasimi təşkil edilir və gənclərə əsil toy hədiyələri onda verilir. ▶ OYUNLAR: ■ BAYRAQ QAÇIRMA Oğlan evindən gələn atlılar birinci keçavənin üzərindəki bayrağı qoruyarlarmış. Bayraq təmiz ipək üzərində qırmızı və ya göy rəngli saplarla kəlimə-i şəhadət yazılmış parça olarmış. Oğlan tərəfi çalıb oynaya-oynaya gedərkən başqaları da bayrağı alıb qaçmağa çalışarmış. Oğlan tərəfi atlılarının borcu bayrağı qorumaqmış. Hansı bir atlı və ya atlı dəstəsi bayrağı alıb qaçmağa cəhd edərdisə, oğlan tərəfin atlıları da atlarını çapıb onlardan bayrağı alaraq gətirib kəcavənin üzərinə taxmalıymış. Bayrağı sağ salamat gətirib bəy evinin üzərinə kim taxsaymış, ona bəyin valideyinləri bir qoç bağışlayarmış. Bəy evinin üzərinə vurulmuş bayrağı da bəyin yaxınları alıb kəndi dolandırdıqdan sonra geri qaytarıb evin damına taxmalıdır. Bu iş bir qürur, hünər saylırmış. Çünki bayraq gəzdirənə manelər yaradılır, bayrağı onun əlindən alıb atını çaparaq qaçmağa çalışarlarmış. Kimsə o bayrağı bəy adamlarının əlindən alıb qaça bilsə, o, qoçaq, igid, cəsur sayılırmış və bəy evi həmin qoçağa nəmər verib bayrağı alarmış. ■ GÜLƏŞMƏ Colan Türkmanlarında toylar güləşsiz keçməzmiş. Toy zamanı ərgən oğlanlar güclərini sınamaq üçün yarışarlamış. Azərbaycan toylarındakı güləş Colan Türkmanlarının güləşindən o qədər də fərqlənməzmiş. Colan Türkmanları da ikin nəfərin bir-birinin kürəyini yerə vurmaq üçün apardığı mübarizəyə güləşmə deyirlər. ■ AT YARIŞI Toy günü kəndin xırmanında müxtəlif at yarışı keçirərlərmiş. Minicilər atlarının müxtəlif çür yerişin, sürətli qaçışını, şaxə qalxmasını və s. nümaiş etdirərmişlər. Seçilənlərə nəmər verilərmiş. Colan Türkmanlarında evlənmə http://halapturkmen.blog cu.com/suriye-turkmenleri-nde-dugun-gelenegi/6107574 saytından alınmış materiallar əsasında hazırlanmışdır. ■ TOY MƏRASİMİ Xalq inanclarının araşdırıcısı Yaşar Kalafatın Colan Türkmanlarının toy mərasimi ilə bağlı qeydləri. O, məqaləsini hazırlayarkən Colan Türkmanlarından olan Yussif İssadan material toplamışdır. Colan Türkmanları Ərəblərə və Kürdlərə qız vermədikləri kimi, onlardan da qız almazlar. Şəhərlərdə təsadüfən belə evliliyə rast gəlmək olar. Onlar Çərkəzlərə də qız verməzlər, amma onlardan qız alarlar. Belə halda da Çərkəz qızlarının Türkman adət-ənənəsinə uymasını tələb edərlər. Gəlinin Türkman ailəsinə uyuşması üçün iki ilə yaxın müddət qoyarlar. Bu müddət ərzində gəlin Türkman adətlərinə uymasa, onu ailəyə qəbil etməzlər. Colan Türkmanlarında tayfa ənənəsi demək olar ki, yoxdur. Amma möhkəm ailə ənənəsi var və buna da ciddi əməl edilir. Məhz buna görə də, Türkmanlar evdə Ərəbcə danışmazlar. Evdə-ailədə Ərəbcə danışmaq ayıb sayılır. Türkmanlarda çoxarvadlılığa çox nadir hallarda rast gəlinir. Qızlarını da əsəsən 18 yaşdan sonra ərə verirlər. Adətən qızların 22-23 yaşlarında evlənməsi normal sayılır. Qızlar ərə verilərkən onların fikirini öyrənər və ona hörmətlə yanaşarlar. Gənclərə evlənməzdən əvvəl tanış olmalarına imkan yaradarlar. Qız ərə verilmək istədiyi oğlanı bəyənməzsə, bu evlilik baş tutmaz. Onlarda başlıq “baş vergisi” adlandırılır. Bu da əsasən 500 dollar ətrafında olur. Türkman qızını almaq istəyən oğlan başqa millətdən, yaxud da Türkmanla başqa bir millətin qarışığındandırsa, onda “baş vergisi” 10 min dollara qədər artırıla bilir. Türkmanlarda qızı uşaqlıqdan ad etmək, nişanlamaq, “beşik kərtməsi” yoxdur. Yaxın qohumlarla evliliyə də rast gəlinmir. Amma qızı istəyən olanda qızın ərgən dayısı və əmisi oğlu varsa, onların fikirləri öyrənilir. Onların razılığından sonra qızı kənardan istəyənə verirlər. Bu da onu göstərir ki, keçmişdə Colan Türkmanları arasında da əmi oğlu, dayı oğlu vs. ilə evlənmək varmış. Bunu onların oxuduğu mahnılardan da görmək olur. Məsələn: Erkəkləri değirmi, İnəkləri yiğirmi. Vardım isə mən vardım, Əmmim oğlu değilmi? Yaxud: Əmim oğlu biçində, Köynəyi tər içində. Getdim tərin silməyə, Qaldım tikan içində. Yolda buldum bir dəğənək, Pontulu bənək-bənək. Əmmim oğlu dururkən, El bənim nəmə gərək. Saçın uzun değil mi? Suyun bizim değilmi? Alırsam bən alıram, Əmmim qızı değilmi?! Qayadan atdın bəni, Qumlara qatdın bəni. Əmmim oğlu almasa, Bazarda satın bəni. Əmim oğlu piyada, Ömrü də çox ziyada. Əmmim oğlu dururkən, Niyə gediyom yada. • Colan Türkanlarında qız qaçırma ilə evlənməyə çox nadir hallarda rast gəlindiyi kimi, qan davasına da rast gəlinmir. • Colan Türkmanlarında gəlin bəy evinə gəlib çatdıqda onun ayağının altında qoç qurban kəsilir. • Təzə gəlinlər qayınatasının yanında, qayınlarının yanında danışmaz, səslərinin eşidilməməsinə çalışarlar. Buna da “səs orucu”, “səs saxlama”, “səs sakınma” deyərlər. • Colan Türkmanlarında toy zamanı toy bayrağı, bəy bayrağı, gəlin bayrağı asmaq adəti vardır. | |
|
Teswirleriň ählisi: 0 | |